Azərbaycan tərcümə məktəbinin
formalaşmasında müstəsna xidmətləri olan ixtisaslaşmış “Xəzər” tərcümə və
mədəniyyət jurnalının Azərbaycan Dillər Universitetinin (ADU)
Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı kimi yeni nömrəsi işıq üzü
görüb.
Manset.az xəbər verir ki, jurnal redaktorun “Tərcümənin və
tərcüməçinin problem: bizdə nə yoxdur, nə çatışmır” yazısı ilə başlayır.
“İlin nobelçisi” bölməsində Ədəbiyyat
üzrə Nobel mükafatı laureatı Han Kang ilə müsahibə, yazıçının “İşıq və
bağ” adlı Nobel mühazirəsi və “İnsan əməlləri” romanından bir parça
oxuculara təqdim olunub.
“Şərq mədəniyyəti” bölməsində Şəms
Təbrizi-840, Bir qeybin anatomiyası, Eşq qapısı (“Məqalat”dan pritçalar)
yazıları yer alıb.
Oxucular “Şimali Amerika ədəbiyyatı”
bölməsində Sol Bellounun “Gümüş nimçə” hekayəsi, Leroy Consun “Uçan
hollandiyalı pyesi və Marqaret Ətvudun şeirləri ilə tanış ola bilərlər.
“Avropa ədəbiyyatı” bölməsində Lev
Tolstoy yaradıcılığından yeni tərcümələr, Anri Arbilin şeirləri, Natali Kulişin
“Onuncu parallel” hekayəsi yer alıb.
“Tərcümə sənəti” bölməsində Qabriel
Qarsia Markesin “Bu yazıq tərcüməçilər”, Umberto Ekonun “Təxminən eyni fikir
ifadə etmək” və s. yazılar təqdim olunub.
“Dialoq. Esse” rubrikasında isə Latın
Amerikası romanı haqqında Mario Varqas Lyosanın Qabriel Qarsia Markeslə
söhbəti, Karlos Fuentesin “Roman sənətinin əsas prinsipləri” və V Beynəlxalq
Berlin ədəbiyyat festivalındakı çıxışı yer alıb.
Jurnalın “Mövqe” rubrikasında oxucular
Sadiq Zamanın “Dəyərli elmi irs: Azərbaycan tərcümə ensiklopediyası”, akademik
Muxtar Kazımoğlunun “Elmi əsər yazıçı tərcüməsində”, Fəxri Uğurlunun “Dünyaya
çıxmaq necə mümkündür” adlı yazılarla tanış ola biləcəklər.
Jurnalın “Debüt” rubrikasında
Banuçiçək Qasımzadənin tərcüməsində Lidiya Deyvisin hekayələri təqdim olunub.
“Yaddaş” bölməsində isə oxucular
Vilayət Hacıyev-75: “Tərcümə -mədəniyyətin sütunlarından biridir”,
Arif Acaloğlu: “Milli mübarizəmizə tərcümələrimlə xidmət edirəm” adlı
müsahibələrlə tanış ola biləcəklər.
Qeyd edək ki, “Xəzər” tərcümə və
mədəniyyət jurnalının məsləhətçisi Xalq yazıçısı, akademik Kamal
Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir.
Dərginin redaksiya heyətinə Saday
Budaqlı, Mahir N.Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev, Püstə
Axundova və Cavid Zeynallı daxildir.
Jurnalın Beynəlxalq Şurasında isə
Burak Eke (Türkiyə), Elizbar Cavelidze (Gürcüstan), Rolan Seysenbayev
(Qazaxıstan), İsgəndər Pala (Türkiyə), Daniele Franzoni (İtaliya), Takayuki
Murakami (Yaponiya), Ales Karlyukoviç (Belarus), Anna Maria Palomares (Venesuela),
Afanasi Mamedov (Rusiya), Supiyanat Mamayeva (Dağıstan), Orxan Aras (Almaniya)
təmsil olunur.