İbrətə yönələn ömür

13:03 - 08 Yanvar 2026

İbrətə yönələn ömür

Elm elə bir ümmandır ki, onda təhlükəsiz üzmək üçün alimdən böyük güc və iradə, səbir və mətanət tələb olunur.


“Elmin daşı ağırdır” deyiminin mahiyyəti də məhz bundadır. Həqiqi alimlik məqamına yüksəlmək bu səbəbdən asan deyil. Bunun üçün fasiləsiz zəhmət, oxu və araşdırma, güclü zəka və yaddaş, gecələri sübhə bağlamaq, nəfsi istəklərdən imtina etmək zəruridir. Sevindirici haldır ki, aramızda həyat tərzi, əxlaqı və maarif səviyyəsi ilə bu tələblərə hər cəhətdən cavab verən elm adamları vardır. Dövrümüzün yetkin alimi, ədəbiyyatşünaslıq elminin milli və qlobal inkişaf mərhələlərini dərindən bilən, məqalə, tədqiqat və monoqrafiyaları ilə həm millətimizin, həm də beynəlxalq elmi ictimaiyyətin rəğbətini qazanan ədəbiyyatşünas və mətnşünas, filologiya elmləri doktoru, professor Nurboy Cabbarov məhz bu təriflərə layiq ziyalılardandır.

Onun adı çəkiləndə ilk növbədə dərin və geniş bilik sahibi, vətənpərvər, öz sahəsinin fədaisi, düşüncə dünyası sonsuz alim, güclü zəka və idrak sahibi, klassik və müasir ədəbiyyatşünaslıq nəzəriyyəsinin, həmçinin kəlam, hədis, fiqh, əqidə və təsəvvüf elmlərinin bilicisi göz önünə gəlir.

Müəllim tələbələrinə qarşı tələbkar və qayğıkeş bir ustad, ailəsində isə əsl rəhbər, mehriban ata və baba kimi də nümunəvidir. Ailəsinin maarifli və ziyalı olması, övladları və gəlinlərinə qədər elm adamı olmaları xüsusilə təqdirəlayiqdir.

Mənim ustad Nurboy Cabbarovu tanımağımın üzərindən artıq iyirmi beş il keçib. Özbəkistan Milli Universitetinin Özbək filologiyası fakültəsində bakalavr pilləsində təhsil aldığımız illərdə Begəli Qasımov, Şərif Yusupov, Şavkat Rəhmətullayev, Uluqbək Dolimov, Umarəli Normatov, Qazaxbəy Yoldaşev kimi böyük ustadlarla yanaşı, gənc və istedadlı, öz sahəsinin nadir bilicisi olan sevimli müəllimimiz Nurboy Cabbarov da bizə unudulmaz dərslər verirdi. O vaxtlar müəllim bizə “Qədim özbək yazısı” və “Mətnşünaslıq” fənlərini tədris edirdi. Sitata müraciətdə son dərəcə ustalıq göstərən, nadir natiqlik qabiliyyətinə malik olan müəllimin hər bir mühazirəsi möhkəm elmi dəlillər və inandırıcı nümunələrlə zəngin idi.

Professor Nurboy Cabbarov böyük ustadlardan elm almışdır. Onun klassik ədəbiyyatın, xüsusən poeziyanın dərin bilicisi kimi formalaşmasında yetişdiyi ailə mühiti, ilk müəllimləri və Milli Universitetin ədəbi-elmi mühiti mühüm rol oynamışdır. Universiteti bitirdikdən sonra təxminən on il Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda aspirant, kiçik elmi işçi və böyük elmi işçi kimi tədqiqatlar aparmış, namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Dil və Ədəbiyyat İnstitutunun doktoranturasını bitirdikdən sonra Milli Universitetə dəvət olunaraq dosent, kafedra müdiri və dekan vəzifələrində çalışmışdır. Bu elm ocağında Ozod Şarafiddinov, Matyaqub Qoşjonov, Aziz Qayumov, Begəli Qasımov, Şərif Yusupov, Norboy Xudoyberqanov, Umarəli Normatov, Uluqbək Dolimov kimi böyük simalardan dərs almış, onlarla çiyin-çiyinə məhsuldar elmi-pedaqoji fəaliyyət göstərmişdir.

Ustadlara sədaqət məsələsində də Nurboy Cabbarova bərabər gələn azdır. Abdulla Oripov, Begəli Qasımov, İbrahim Qafurov, Yaqubcan İshaqov, Uluqbək Dolimov kimi onlarla ustada olan dərin ehtiramının rəmzi olaraq yüksək səviyyəli ədəbi gecələr təşkil etdiyini yaxşı bilirik.

Duanın gücü böyükdür. Ustadların duasını almış professor Nurboy Cabbarov bu gün özü də böyük bir elmi məktəb yarada bilmişdir. Bu günə qədər otuzdan artıq PhD, səkkiz DSc dissertasiyasına elmi rəhbərlik və məsləhətçilik etmiş, yüzlərlə bakalavr və magistr yetişdirmişdir. Milli mənəviyyatımız, maarif və ədəbiyyatımız haqqında minə yaxın məqalə, onlarla dərslik, monoqrafiya və dərs vəsaiti yaratması heyranedicidir. Klassik ədəbiyyatın tədqiqi və təbliği sahəsində apardığı elmi araşdırmalar və yetirdiyi çoxsaylı şagirdləri ilə Nurboy Cabbarov təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də tanınan yetkin alim və mehriban ustaddır.

Nurboy Cabbarov son dərəcə diqqətli ədəbiyyatşünas və mətnşünasdır. Ədəbi mənbələri araşdırarkən digər tədqiqatçıların diqqətindən kənarda qalmış qanunauyğunluqları üzə çıxarır, fikirlərini möhkəm əsaslandırdıqdan sonra əlyazmalar üzərində işləyir. Onun zəngin elmi irsi XX əsrin ikinci yarısından, xüsusilə 1990-cı illərdən etibarən özbək ədəbiyyatı və ədəbi tənqidinin inkişafında mühüm rol oynamışdır. Jami və Nəvai, Babur və Ağahi, Furqat və İbrət kimi böyük şəxsiyyətlərin irsinin tədqiqi onun elmi yaradıcılığının əsas istiqamətlərindəndir.

Daha dəqiq desək, alim özbək klassik ədəbiyyatı, yeni özbək ədəbiyyatı, ədəbi tənqid, ədəbi əlaqələr, İslam fəlsəfəsi və müasir ədəbi proseslər üzrə genişmiqyaslı tədqiqatlar aparmışdır. Onun bugünkü elmi fəaliyyəti mətnşünaslıq, mənbəşünaslıq, klassik və milli oyanış dövrü ədəbiyyatı, müasir ədəbi proses problemləri və elmi-pedaqoji kadrların hazırlanması kimi beş əsas istiqamətdə cəmlənmişdir.

Professor Nurboy Cabbarovun hər bir elmi əsəri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Alim bu günə qədər 20-dən artıq kitab və risalə, müxtəlif toplu və jurnallarda 500-dən çox məqalə, dövri mətbuatda isə 300-ə yaxın yazı və resenziya dərc etdirmişdir.

Onun elmi və publisistik fəaliyyəti, milli mənəviyyatın, ədəbiyyatın və tarixin təbliği sahəsində gördüyü işlər, gənc nəslin tərbiyəsindəki əvəzsiz rolu dövlət səviyyəsində də layiqincə qiymətləndirilmişdir. Alim 2002-ci ildə “Şöhrət” medalı, 2023-cü ildə isə “Dostluq” ordeni ilə təltif olunmuşdur.

Milli ədəbiyyatımızın nüfuzunun yüksəldilməsi və zəngin mədəniyyətimizin dünyaya tanıdılması yolunda fədakar fəaliyyəti bu günkü gənc nəsil üçün əsl örnəkdir.

Elm əhli arasında böyük hörmət qazanan, təvazökar insan, ürəyi ümmana bənzər ustad Nurboy Cabbarova möhkəm can sağlığı və uzun ömür arzulayırıq.
Allah ömürlərini bərəkətli etsin!

 Şöhrət Hayitov

Filologiya elmləri doktoru, ədəbiyyatşünas

Özbəkistan Yazıçılar Birliyinin üzvü


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az