Avropa Şurası Parlament Assambleyasının 2024-cü il yanvar ayının 24-də Azərbaycan Respublikasına qarşı gizlədilməsi mümkün olmayan qərəzin təzahürü bütün dünyanın gözləri qarşısında baş verdi.
Azərbaycan xalqının ali siyasi iradəsi olan Azərbaycan dövlətinə qarşı qəbul edilən bu qərar, ən pisi o idi ki, özlərini ən ali Avropa dəyərlərinin daşıyıcıları hesab edən təmsilçilər tərəfindən elan olunurdu.
O dəyərlərdən söhbət gedir ki, sonralar Avropa dəyərləri kimi təqdim ediləcək bu mənəvi sərvət uğrunda bəşəriyyətin ən böyük fikir adamlarından olan yüzlərlə insan canlarından keçib.
O da proses müddətində xatırlanacaq ki, insanlığın kulturoloji identifikasiyası kimi qəbul ediləcək həmin dəyərlərin istinad nöqtəsi ədalət məhvərindən ayrılmasın.
Buna görə idi ki, Qərb sivilizasiyası tarixinin möhtəşəm simalarından biri, Roma Respublikasının dövlət və siyasi xadimi, filosof Siseron xatırladırdı: “Hikmətsiz ədalət çox şey deməkdir, ədalətsiz müdriklik isə heç nə demək deyil”.
Bu gün Azərbaycana, onun xalqına qarşı çirkin böhtanlar yağdıraraq, diskriminasiya siyasəti yürüdənlər milli və dini mənsubiyyətinə görə min il öncə “din naminə səlib yürüşünə çıxanlar”dan heç nə ilə fərqlənmir. Onların hücum silahları cürbəcür olsa da, motivasiyanın mərkəzində dini təəssübkeşliyin dayandığı aşkar görünür.
Həmin görüntü 2023-cü il oktyabr ayının 12-də AŞPA-nın konkret faktları görmədən, bugünkü İrəvanda revanşist qüvvələrin söykəndiyi, tənqidə tab gətirməyəcək arqumentlərin təkrarlandığı fərziyyələrdən qidalanan qətnamə və “tövsiyə sənədi”nin meydana çıxmasının təzahür idi. Ona görə də Azərbaycanın bütün hüquqi və mənəvi normalara cavab verməklə keçirdiyi antiterror əməliyyata bu cür anlaşılmaz reaksiya rəsmi Bakı tərəfindən təəccüblə qarşılandı. Buna görə idi ki, hikkə dolu, obyektivlikdən uzaq, mayası qərəzdən yoğrulan qətnamə layihəsinin üç gün əvvəlki müzakirəsindən qabaq Azərbaycan nümayəndə heyətinin AŞPA-da yaydığı bəyanatda haqlı olaraq belə təqdim olunurdu: “Bu dözülməz şəraitdə, Azərbaycana, azərbaycanlılara qarşı əsassız ittihamlar səsləndirmək şəraitində işləmək mümkün deyil”.
XVIII əsrin böyük alman filosofu Immanuel Kant üzünü bu cür insanlara tutaraq deyirdi: “Ədalət yox olanda insanların həyatına dəyər qatacaq heç nə qalmır”.
Əlbəttə, bu Avropa Şurası Parlament Assambleyasında Azərbaycan parlamentini təmsil edən nümayəndə heyətinin 23 ildə rastlaşdığı ilk mənzərə deyildi. Hamımız 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin AŞPA-nın iqamətgahında olduğu zaman dediyi sözləri xatırlayırıq. Haqqın ədalətinə inanan Ulu Öndər bu qurumda fəaliyyət göstərəcək nümayəndə heyətinə tövsiyə edirdi: “Bu mühüm tribunadan Azərbaycanın uğradığı işğalla bağlı həqiqətləri Avropaya və dünyaya çatdırın”.
Onu da unutmaq olmaz ki, ilk nümayəndə heyətinin rəhbəri, indiki Prezidentimiz cənab İlham Əliyev o illərdəki fəaliyyəti ərzində digər qurumlar kimi, Avropa Şurası Parlament Assambleyasında ermənipərəst, islamofob qüvvələrin dominantlıq etdiyinin, bu təşkilatdan Azərbaycana qarşı vasitə kimi istifadə olunduğu məqamlarda bütün səyləri ilə belə yanaşmalara qarşı mübarizə aparırdı. Bu münasibətlərin nəyə xidmət etdiyini gözəl təhlil edən Prezidenrt İlham Əliyev qətnamə qəbul edilməmişdən iki həftə əvvəl yerli televiziyalara müsahibəsində peyğəmbərcəsinə bunları deyirdi: “Biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik. Halbuki əfsuslar olsun ki, beynəlxalq aləmin əsas oyunçuları bizim bu fikrimizə şərik olmadılar. Əksinə, bizi ittiham etməyə çalışdılar, bizə qarşı müxtəlif təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Yəni, biz bu ədaləti, eyni zamanda, beynəlxalq müstəvidə siyasi və diplomatik savaş apararaq əldə etmişik”.
Avropadakı dünya aktorlarına sözün həqiqi mənasında müstəqil, güclü iqtisadiyyatı olan Azərbaycanı görmək yox, zəif iqtisadiyyata malik, asılı ölkə görmək daha çox lazımdır.
Əgər belə olmasaydı, onlar 1988-ci ildə bu gün Ermənistan Respublikası adlandırılan, 1918-ci ildə soydaşlarımızın tarixi ərazilərində qurulan qondarma dövlətdən ölüm təhdidi altında qaçqına çevrilən 250 mindən artıq soydaşımızın deportasiyasına biganə qalmaz, 1990-cı illərin əvvəllərində bu günkü Qarabağ-Şərqi Zəngəzur iqtisadi rayonlarından 1milyona yaxın azərbaycanlının məcburi köçkünə çevrilməsini laqeydcəsinə seyr etməzdilər.
Azərbaycan Respublikasına qarşı münasibətin mahiyyətində “erməni məsələsi” deyilən məsələnin gündəmə gətirilməsi, erməni separatizm ocaqları söndürülmüş Azərbaycanı yenidən alovlandırmaq ehtirası durur.
Yenə Prezident İlham Əliyevin bu məsələyə yanaşmasını Fransanın şəxsində bəzi Avropa dövlətlərinə ünvanladığı mesajı diqqətə çatdırmaq istərdik: “Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu. Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük”.
Qeyd edək ki, oxşar hadisələr təsadüfən baş vermir.
Yenə Prezident İlham Əliyevin 13 gün əvvəl yerli televiziyalara müsahibəsindəki bir məqamı xatırlatmaq istərdik: “Bildiyiniz kimi, Fransada həm parlament, həm də Senat qondarma “Artsax”ı tanıdı. Amma mənim qondarma “Artsax”ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb. Yeri gəlmişkən, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar, çünki bilirəm ki, Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada “Artsax respublikası” elan etsinlər. Amma bunu elə-belə, şərh qismində söylədim”.
Yeri gəlmişkən, isveçrəli olsa da fransız kimi tanınan böyük humanist filosof Jan Jak Russodan gətirəcəyimiz bir sitatla fikrimizi bitirmək istərdim: “Ədalətin birinci mükafatı ədalətli davrandığımızı dərk etməkdir”.
Prof. Elxan Hüseynov
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri