Çin və Hindistan arasında uzun illərdir davam edən sərhəd probleminin həlli məqsədilə aparılan danışıqların 25-ci mərhələsi Pekində keçirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin xarici işlər naziri Van İ və Hindistanın Milli Təhlükəsizlik müşaviri Ajit Dovalın rəhbərlik etdiyi nümayəndə heyətləri Çin-Hindistan sərhəd məsələsi üzrə xüsusi nümayəndələrin görüşündə bir araya gəlib.
Görüş zamanı mübahisəli sərhəd xəttinin müəyyənləşdirilməsi üzrə danışıqların irəlilədilməsi, sərhəd nəzarətinin gücləndirilməsi, ikitərəfli mexanizmlərin təkmilləşdirilməsi və sərhədyanı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər 2025-ci ildə keçirilən 24-cü görüşdə razılaşdırılan siyasi prinsiplərə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Çin və Hindistan nümayəndələri qarşılıqlı hörmət və anlaşma əsasında xüsusi nümayəndələr mexanizmi çərçivəsində sərhəd probleminin ədalətli, məntiqli və hər iki tərəfin qəbul edə biləcəyi hərtərəfli həlli istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
Tərəflər sərhəd probleminin dialoq və məsləhətləşmələr yolu ilə həllinə, sərhəddə sülh və sabitliyin birgə təmin edilməsinə sadiq olduqlarını vurğulayıblar.
Görüşün sonunda danışıqların 26-cı mərhələsinin gələn il Hindistanda keçirilməsi barədə razılıq əldə olunub.