Əlcəzairdə həddindən artıq isti hava şəraiti səbəbindən baş verən meşə yanğınları nəticəsində 12 nəfər həlak olub, 54 nəfər yaralanıb.
Əlcəzairi və qonşu Tunisi əhatə edən güclü isti hava dalğasından sonra ölkə meşə yanğınları ilə mübarizə aparır. Həddindən artıq isti səbəbindən ölkə üzrə bir gün ərzində 154 meşə yanğını qeydə alınıb. Hadisələr nəticəsində 12 nəfər həyatını itirib.
Əlcəzairli rəsmilər yaralanan 54 nəfərdən 6-nın vəziyyətinin ağır olduğunu açıqlayıb.
Əlcəzairin daxili işlər naziri Səid Sayud Bejaya vilayətinin Suk əl-Tənin şəhərindəki xəstəxanaya baş çəkərkən bildirib ki, insan tələfatı Cijel, Bejaya və Tizi Uzu vilayətlərində qeydə alınıb. Onun sözlərinə görə, Cijel vilayətində 5, Bejayada 4, Tizi Uzuda isə 3 nəfər həlak olub.
Nazir bildirib ki, Mülki Müdafiə qüvvələri ötən gün ölkə üzrə 154 yanğın hadisəsi qeydə alıb. Yanğınların 36-sı Bejaya vilayətində baş verib və onlardan 18-i nəzarətə götürülüb.
Səid Sayud həmçinin yanğından zərər çəkən ərazilərdən çoxsaylı ailələrin təxliyə edildiyini açıqlayıb. Xilasetmə və yanğının söndürülməsi işlərinin davam etdiyi bildirilir.