Almaniyanın ən işlək hava limanı olan Frankfurt hava limanında 6 əməkdaşa ağcaqanadlar vasitəsilə malyariya yoluxduğu bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, alman səhiyyə qurumlarının məlumatına görə, yoluxan əməkdaşlardan 2-si həyatını itirib.
Məlumata əsasən, malyariyaya yoluxmuş ağcaqanadların təyyarələrlə Almaniyaya daşındığı ehtimal edilir. Xəstəliyin yayılması ilk dəfə iyul ayında aşkarlanıb. Hava limanını idarə edən Fraport şirkətinin sözçüsü əvvəlcə bir əməkdaşın infeksiya nəticəsində öldüyünü açıqlasa da, ictimai səhiyyə qurumları dünən yaydıqları məlumatda ölənlərin sayının 2-yə çatdığını bildiriblər.
Fraport şirkətindən verilən açıqlamada bütün əməkdaşların məlumatlandırıldığı və hər hansı simptom hiss etdikləri təqdirdə həkimə müraciət etmələrinin tövsiyə olunduğu qeyd edilib.