Türkiyədə keçirilən prezident seçkilərinin I turunda məğlub olan “ATA İttifaqı”nın namizədi Sinan Oğan bu gün seçkilərin II turu ilə bağlı mövqeyini açıqlayacaq.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, S.Oğan bu barədə öz tviter hesabında bildirib. O, bununla bağlı yerli vaxtla 17:00-da mətbuat konfransı təşkil edəcək.
Beləliklə, Sinan Oğanın I turda topladığı 5,2% səsin II turda iştirak edən iki namizəddən hansına yönləndiriləcəyi məlum olacaq.
“Hürriyet” qəzetinin köşə yazarı Umut Erdem Oğanın öz dəstəyini “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğana ifadə edəcəyinin gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, prezidentliyə keçmiş namizədin 5 maddədən ibarət protokolu imzalayıb Ərdoğana öz dəstəyini bəyan etməsi gözlənilir.
O, həmçinin Sinan Oğanın hazırkı Prezident Ərdoğanla görüşdən əvvəl XİN rəhbəri Mövlud Çavuşoğlu ilə də danışıqlar keçirdiyini vurğulayıb.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkiləri zamanı hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,52%, CHP sədri Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17%, Məmləkət partiyasının sədri Muharrem İnce isə 0,44% səs toplayıb. Mayın 28-i ikinci tur baş tutacaq.
Mayın 19-u isə Ərdoğan Sinan Oğanla görüşüb. Mediaya qapalı şəkildə keçirilən iclas 50 dəqiqə davam edib.