Azərbaycan Dillər Universitetində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Suverenlik və Konstitusiya: Gəncliklə gələcəyə” mövzusunda Forum keçirilib.
Manset.az xəbər verir ki, tədbir
Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda
mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir
dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forum
iştirakçılarını salamlayan Azərbaycan Dillər Universitetinin rektoru, akademik
Kamal Abdulla tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycan
dövlətinin suverenliyinin möhkəmləndirilməsi, insan hüquqlarının qorunması və
müstəqil dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik
irsi kontekstində inkişaf edir. Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi
gündən etibarən hüquqi dövlət quruculuğu prosesinə xüsusi önəm verib və bu
istiqamətdə böyük nailiyyətlər əldə olunub.
Akademik
Kamal Abdulla forumda çıxışı zamanı milli dəyərlərin qorunmasının və hüquqi
şüurun formalaşdırılmasının cəmiyyətin gələcək inkişafında mühüm rol oynadığını
qeyd edib. Rektor belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılması,
onların vətəndaş məsuliyyətinin dərk olunması və fəal sosial mövqe nümayiş
etdirməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva forum
iştirakçılarını salamlayaraq bildirib ki, insan hüquq və azadlıqlarının
müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə
hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata
keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır.
Bildirilib
ki, 18 may - 18 iyun tarixləri ölkəmizdə “İnsan Hüquqları Aylığı” elan edilib,
həmin təşəbbüsə qoşulmaqla insan hüquqlarına həsr olunmuş silsilə
maarifləndirmə tədbirləri keçirilir. “İnsan Hüquqları Aylığı” çərçivəsində
hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması,
insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi və milli səviyyədə
həyata keçirilmiş fəaliyyətlərin ictimailəşdirilməsi nəzərdə tutulur. Xüsusilə
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması nəzərə
alınaraq, tədbirlərdə milli konstitusiya dəyərlərinin və qanunun aliliyinin
təbliğinə xüsusi önəm verilir.
Forumda
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, dosent Zaur Əliyev
“Azərbaycan Respublikasının Konstitusiyası və İnsan hüquqları”, ADU-nun
Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor
İbrahim Kazımbəyli “Heydər Əliyev irsi, müstəqil dövlətçilik və müasirlik”,
ADU-nun Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə “Suverenlik
xalqın milli sərvətidir”, ADU-nun tələbəsi Leyla Rzazadə “İkinci Qarabağ
müharibəsində informasiya cəbhəsi: Azərbaycan Dillər Universitetinin tələbə və
akademik heyətinin dəstəyi” mövzularında çıxış ediblər. Natiqlər Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquqlarının təmini və müdafiəsi
istiqamətində görülmüş işlərdən, habelə dövlət müstəqilliyimizin bərpasından
sonra ilk milli Konstitusiyanın qəbul olunması, ölkəmizdə həyata keçirilmiş
hüquqi islahatlardan bəhs ediblər.