Bu gün Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Şatıroba kəndində növbəti səyyar görüş-qəbul keçirib.
Manset.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Heç bir müraciətin diqqətdən kənar qalmadığını və qaldırılan bütün məsələlərin nəzarətdə saxlanıldığını vurğulayan Araz Əhmədov səyyar görüş-qəbulların Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq keçirildiyini və görüşlərin insanların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması məqsədi daşıdığını qeyd edib.
Sonra icra başçısı Şatıroba kəndində keçirilmiş əvvəlki səyyar qəbul görüşdən ötən müddət ərzində vətəndaşlar tərəfindən qaldırılan 11 məsələdən 5-nin artıq öz həllilini tapdığını, 2 məsələnin nəzarətdə saxlanıldığını, digər məsələlərlə bağlı isə aidiyyəti mərkəzi dövlət orqanlarına müraciət olunduğunu bildirib.
Araz Əhmədov vətəndaşlara ümumiyyətlə ərazidə görülmüş işlər barədə də geniş məlumat verib. Belə ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan vətəndaşlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməkliklər göstərilib, şəhidin adını daşıyan küçəyə 460 metr, kənddaxili yollara isə 650 metr asfalt örtüyü döşənib.
Ümumilikdə nümayəndəlik üzrə 35 ədəd yararsız elektrik dirəyi və 300 metr elektrik xətti yenisi ilə əvəz olunub, 400 metr məsafədə küçələr işıqlandırılıb. Ərazi üzrə bütün yaşayış məntəqələrində internet xətləri yenilənib, 1 km məsafədə suaparıcı kanallar təmizlənib və 3 ədəd suaparıcı kanalın keçidinə borular qoyulub, “Konstitusiya və Suverenlik ili” çərçivəsində 2000-dən artıq ağac əkilib. Ərazi dairəsinə daxil olan Qəzvinoba kəndində yeni məktəb binası tikilərək istifadəyə verilib, kənd məscidi təbii qazla təmin olunub və kənddə yeni işıqfor quraşdırılıb.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlər şəhidin evinə gedən yolun asfaltlanması, məhəllələri birləşdirən qəzalı vəziyyətdə olan körpünün təmir olunması, gənc ailələrə həyətyanı torpaq sahələrinin ayrılması, vətəndaşlara pay və həyətyanı torpaq sahələri ilə bağlı elektron xəritələrin verilməsi, içməli su təminatının həll edilməsi, elektrik xəttlərinin SİP kabelləşməsi, Masallı-Boradigah-Rüdəkənar yolunun əsaslı təmir olunması və digər məsələlər barədə müraciətlər səsləndirib, eyni zamanda şəxsi problemlərinin həlllinə köməklik göstərilməsini xahiş ediblər.
Səyyar qəbul-görüş zamanı icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı rayon rəhbərliyi tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib və nəzarətə götürülüb, rayon səviyyəsində həlli mümkün olmayan müraciətlərlə bağlı isə aidiyyəti mərkəzi qurumlar qarşısında məsələ qaldırılıb.
Sakinlər ölkəmizin bütün regionlarında olduğu kimi Masallı rayonunda da əhalinin sosial rifahının yaxşılaşdırılıması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.