Düzgün ixtisas seçimi necə edilməlidir? - Ekspert detalları açıqladı (VİDEO)

18:48 - 16 Avqust 2025

Düzgün ixtisas seçimi necə edilməlidir? - Ekspert detalları açıqladı (VİDEO)

"Abituriyentlər ixtisas seçərkən son anda yox, artıq bir neçə il öncədən öz həvəs, meyil və bacarıqlarına uyğun ixtisas düşünmüş olmalıdırlar". 


Bu sözləri Manset.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası İdarə Heyətinin üzvü Günay Əkbərova bildirib.

O qeyd edib ki, adətən, Azərbaycanda valideynlər daha çox öz istədikləri ixtisasları övladlarına məsləhət görürlər:

""Daha yaxşı olacaq", "çoxlu gəlir əldə edəcəksən" və s. kimi səbəblər göstərirlər. Amma burada vacib nüans övladlarının bacarıq və istəkləridir. Digər bir məsələ isə abituriyent oxuyacağı ixtisası sırf universitetə qəbul olmaq, diplom qazanmaq xatirinə istəyir, yoxsa sona qədər bu ixtisas üzrə davam edib, peşəkar, işinin mütəxəssisi kimi özünə və cəmiyyətə fayda vermək üçün 4 il çalışacaq?"

G.Əkbərova diqqətə çatdırıb ki, hazırda ixtisas kodlaşdırması üçün çox sayda "ekspertlər" fəaliyyətə başlayıblar:

"Həmin ekspertlər seçim müqabilində ödəniş istəyirlər. Abituriyent kənarda qalmasın deyə hər hansı önəmli və ya önəmsiz ixtisası seçirlər. Başqa bir insana övladımızın taleyini əmanət etmək nə dərəcədə doğrudur? Bu prosesi birinci özümüz etməliyik. Hər il Dövlət İmtahan Mərkəzinin Abituriyent Jurnalı dərc edilir. Hansı ki orada ötən il həmin ixtisasların keçid balları qeyd olunur. Həmin statistikanı müəyyən qədər təhlil edib, araşdırma nəticəsində ixtisaslar seçilməlidir. Əlbəttə ki, ətrafdakılardan da məsləhət almaq mümkündür".

Onun sözlərinə görə, hazırkı zamanda xaricdə təhsil mərkəzləri və xaricdə təhsilə yönəlmək istəyən şəxslər də çoxdur:

"Sadəcə bir məqamda diqqətli olmağımızda fayda var. Attestatla, heç bir imtahan vermədən universitetlərə qəbul imkanı barədə təkliflər elanlar edirlər. Nəticə etibarilə 4 ildən sonra problem yaranır və diplom Azərbaycanda tanınmır. Ona görə də xaricdəki universitetin beynəlxalq standartlara cavab verib, akkreditasiya olunduğunu araşdırmaq lazımdır. Hətta Təhsildə Keyfiyyət Təminatı Agentliyinin saytında da müəyyən universitet və ixtisasların qazandırdığı diplomların Azərbaycanda təsdiqinin daha rahat və ya çətin olması barədə də məlumatlar mövcuddur".




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az