Ədəbiyyatın görünməyən qurbanları - Yazıçılar, şairlər, alimlər

09:30 - 20 Avqust 2025

Ədəbiyyatın görünməyən qurbanları - Yazıçılar, şairlər, alimlər

İllər boyu problemlər içində yaşayırsan, çabalayırsan… Sonra məlum olur ki, ürəyin də sıradan çıxmaq üzrədir. Xəstəliklər səni aguşuna alır. O qədər yüklənmisən ki, artıq dözə bilmir və sağala bilmirsən. Yaxşı dostlar sayəsində ölməyirsən…


Amma problemlər bitib-tükənmir. Bir ömrü ac qurd kimi yeyib tükətdi… Ömrünü ədəbiyyata, elmə həsr etmiş bir yazıçı, şair, alim niyə bir ömür boyu sıxıntılar içində yaşamalıdır?! Niyə?!

Kitab yazırsan, qonorar yoxdur. Yazı yazırsan, elmi məqalə, monoqrafiya, kitab yazırsan – yenə qonorar yoxdur. Sponsor tapmaq üçün dilənməli, ya da öz hesabına çap etdirməlisən. Süpürgəçi maaşına bərabər əmək haqqından qənaət edib kitab çıxarmalısan. Sonra da ədəbiyyatın “inkişafı”ndan danışırlar. Hansı inkişafdan söhbət gedə bilər ki, yazıçılar küçələrdə kitablarını satmağa məcbur qalıb? Bu, ədəbiyyata təhqirdir.

Bu acınacaqlı durum nə vaxta qədər davam edəcək?! İstedadlı adamları, əsər yaza bilən 3-5 yazıçını, alimi, şairi ömrü boyu maddi sıxıntılar içində saxlayanlar vicdan əzabı çəkmirlərmi?!

Ədəbiyyat adamlarının bu vəziyyəti aidiyyatı qurumların vecinə deyil. 3-4 yazıçı bütün imtiyazlardan bəhrələnib, hələ bir istedadlı yazara dəstək olduqlarını görməmişəm. Hamısı bəy kefində yaşayır, bütün imtiyazlardan bəhrələniblər və bu gün də bəhrələnməkdədirlər.

Yazarların xarici səfərlərə getmək imkanı yoxdur, əsərlərini tərcümə etdirmək imkanı yoxdur. Normal yaşamaq imkanı yoxdur, əksəriyyəti kirayələrdə çürüyür. Neçə-neçə istedadlı insan bu maddi sıxıntılara dözməyib ədəbiyyatdan üz çevirdi. Halbuki necə böyük sevgiylə gəlmişdilər, həvəslə yazıb-yaradırdılar.

İstedadlı yazıçıları, dramaturqları, alimləri, musiqiçiləri  ruhdan salmaq olmaz . Onlar bizim elmimizə, mədəniyyətimizə nə qədər faydalı ola bilərdilər. 

Ədəbiyyat və elm yetkililəri bu vəziyyətə necə biganə qala bilirlər?  Sağlığında qiymət verin insanlara. “Sağlığında heykəl qoyun şairlərə.” – C. Novruz

Ümid Allahdadır. 


Vüqar Əhməd 

Filologiya elmləri doktoru, professor, şair, yazıçı - publisist


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az