Bakıda valideynlərini itirən uşağın qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı barədə iddialar var.
Manset.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qadın və Uşaq Sığınacağı” tərəfindən paylaşım olunub.
O bildirib ki, 14 yaşlı oğlan xalası tərəfindən ağır işgəncələrə məruz qalıb:
"Oğlan atasını və anasını itirib. Xalası onu saxlayırmış. Qəyyumdur, ya yox - bilmirik. Elə uşağa da işgəncəni o verib. Hazırda polis əməkdaşları işi nəzarətə götürüblər. Uşaq bizdə deyil, polis əməkdaşları onun götürülməsi üçün işə başlayıblar. 14 yaşında olduğu üçün bizim sığınacağa yerləşdirilməyəcək".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlamasında bildirilib ki, Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılıb:
"Hazırda uşağın olduğu ailəyə Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış həyata keçirilir. Hadisə ilə bağlı digər məlumatlar araşdırmanın gedişatında bəlli olacaq".