Skuter sürənlərə XƏBƏRDARLIQ - Bu halda CƏRİMƏLƏNƏCƏKSİNİZ

19:24 - 03 Sentyabr 2025

Skuter sürənlərə XƏBƏRDARLIQ - Bu halda CƏRİMƏLƏNƏCƏKSİNİZ

Son illərdə Bakıda elektrikli skuterlərin istifadəsi xeyli artıb.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu nəqliyyat vasitələri həm ekologiyaya zərərsiz olması, həm də sıx küçələrdə sürətli hərəkət imkanı yaratması ilə bir çoxlarının seçimidir.

Skuter sürmək ictimai nəqliyyata da müəyyən dərəcədə təsir edir. Belə ki, insanlar avtobus və ya metroya minmədən qısa məsafələri rahatlıqla qət edə bilirlər. Lakin bu rahatlıq bəzən qayda pozuntularına gətirib çıxarır və nəticədə təhlükəli hallarla yanaşı, inzibati məsuliyyət də yaradır.

Bəs, skuter sürərkən hansı hallarda qaydalar pozula bilər?

Bu suala cavab tapmaq üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etdik. İdarənin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini (skuter, velosiped tipli elektrik nəqliyyatları) idarə edən şəxslərin yol hərəkəti qaydalarını pozmasına görə cərimə tətbiq olunur:

"Belə ki, sürücülər aşağıdakı hallarda 40 manat məbləğində inzibati məsuliyyətə cəlb edilə bilərlər:

Avtomagistral hesab edilməyən avtomobil yollarında sağ kənar zolaqla deyil, digər zolaqlarla hərəkət etmək;

Velosiped yolu olduğu halda, ondan istifadə etməyib yolun hərəkət hissəsilə hərəkət etmək;

Yol nişanlarının və ya nişanlanma xətlərinin tələblərini pozmaq;

Svetoforun və ya nizamlayıcının işarələrinə əməl etməmək;

Sükan olduğu halda, sükanı tutmadan hərəkət etmək;

Nasaz nəqliyyat vasitəsindən istifadə etmək;

Piyadaların hərəkətinə mane olmaq;

Skuterlə sərnişin daşımaq;

Keçid üstünlüyü olan nəqliyyat vasitələrinə yol verməmək.

Qanunvericilikdə bu hallar təhlükəsizlik üçün ciddi risklər sayılır. Buna görə də skuter istifadəçilərinə tövsiyə olunur ki, həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qorumaq üçün qaydalara ciddi şəkildə əməl etsinlər".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az