Ənənədən trendlərə - Kənd həyatını sevdirən TikTok yaradıcıları

12:44 - 05 Sentyabr 2025

Ənənədən trendlərə - Kənd həyatını sevdirən TikTok yaradıcıları

Ənənədən trendlərə: kənd həyatını sevdirən TikTok yaradıcıları

Müasir dövrdə insanlar getdikcə daha çox təmiz hava, təbii qidalar və orqanik yaşam tərzinə can atırlar. Sürətli şəhər həyatı, süni qidalar və texnologiyanın gətirdiyi yorucu gündəlik rejim içində kənd həyatı sanki bir sığınacaq, təbiətə dönüş nöqtəsi kimi dəyərləndirilir. Əvvəllər yalnız kənddə yaşayanların gündəlik rutini kimi görünən işlər – torpaq belləmək, heyvan saxlamaq, meyvə-tərəvəz əkib-becərmək, mürəbbə və ya təndirdə çörək bişirmək – bu gün milyonlarla insanın izləməkdən zövq aldığı ilhamverici məzmunlara çevrilib.

Rəqəmsal platformalar, xüsusilə də TikTok bu prosesin əsas vitrini olub. Burada kənd həyatını sevdirən, sadə, təmiz və saf yaşam tərzini izləyicilərə çatdıran onlarla yaradıcı var. Onların videolarında kəndin səhər günəşi, torpaq qoxusu, əllə becərilən bağ-bağat, təbiətin gözəlliyi və səmimi kənd insanlarının həyat hekayələri əks olunur. Bu məzmunlar həm nostalji bir hiss oyadır, həm də təbiətə yaxın yaşamağın nə qədər vacib və dəyərli olduğunu xatırladır.

Bu dəfəki məqalədə kənd həyatını təbliğ edən və gündəlik kənd yaşamını maraqlı vizuallarla təqdim edən 5 TikTok yaradıcıdan bəhs edəcəyik. Onlar təkcə öz kəndlərinin gözəlliklərini göstərməklə kifayətlənməyib, həm də gənc nəsildə təbiətə bağlılıq, sağlam və orqanik həyat tərzinə maraq oyadırlar.


Kənd həyatını əyləncəli şəkildə təqdim edən @shabi_faraj

Kənddə yaşayıb geniş izləyici kütləsi qazanan və sevilən yaradıcılar arasında Şəbnəm xüsusi yer tutur. Onun məzmununun əsas hissəsini mətbəx təşkil edir: dadlı yeməklər bişirir, qışa tədarük hazırlayır, ənənəvi kənd reseptlərini izləyiciləri ilə bölüşür. Bununla yanaşı, ev və həyət təmizliyi, təmiri, süfrə dekoru kimi gündəlik işləri də maraqlı şəkildə təqdim edir.

Şəbnəm həm də həyətində saxladığı toyuq-cücəsinə qulluq etməsi ilə diqqət çəkir. O, TikTok trendlərinə qoşularaq kənd həyatının yorucu deyil, əksinə əyləncəli, maraqlı və hüzurverici olduğunu göstərir. Onun videoları sadə kənd həyatını izləyicilər üçün daha da cazibədar edir.

Kənd həyatını sevdirən fermer qız - @kendciqiz023

         TikTok-da kənd həyatını təbliğ edən gənc yaradıcı özünü “kəndçi qız” adlandırır. O, yaşadığı Göyçay rayonunda gündəlik kənd həyatını izləyiciləri ilə bölüşür. İnək sağımaqdan tutmuş kənd məhsullarından yemək bişirməyə, ot biçməkdən bağdakı meyvələri toplamağa qədər hər bir işi həm əyləncəli, həm də maraqlı formada təqdim edir.

Onun videoları yalnız kənddəki gündəlik fəaliyyəti göstərmir, həm də təmiz, orqanik və saf həyat tərzini sevdirir. Bu yaradıcı sadə kənd həyatını izləyicilərə yaxınlaşdıraraq, kəndin gözəlliklərini və kənd insanının zəhmətini təbliğ edir.

Bölgələrin gözəlliklərini dünyaya tanıdan yaradıcı - @orkhanhu

       TikTok-un ən maraqlı kənd və təbiət mövzulu kontent yaradıcısı arasında Zaqatalada yaşayan istedadlı videoqraf və dron pilotu da var. O, peşəkar baxış bucağı və texniki bacarıqları ilə sadəcə gündəlik paylaşımlar etməklə kifayətlənmir, yaşadığı bölgənin füsunkar mənzərələrini sənət əsərinə çevrilmiş kadrlarla təqdim edir.

Onun videolarında Zaqatalanın ucsuz-bucaqsız meşələri, dumana bürünmüş dağ zirvələri, çay kənarındakı sakitlik və kəndlərin təmiz havası izləyicilərə sanki canlı şəkildə çatdırılır. O, yalnız öz bölgəsini deyil, qonşu rayonların da hələ kəşf edilməmiş, az tanınan təbiət guşələrini çəkərək paylaşımlarına daxil edir.

Dron vasitəsilə çəkdiyi panoramik görüntülər izləyicilərə Azərbaycanın bu diyarını tamamilə fərqli bir prizmadan görmək imkanı yaradır.

Şəkidən kənd həyatını sevdirən @faridmustafayev_youtuber

Bölgələrdə kənd həyatını izləyicilərə maraqlı formada təqdim edən yaradıcıların sırasında Şəkidə yaşayan Fərid də var. O, yalnız öz kəndini deyil, gəzdiyi bölgələrin adətlərini, ləhcələrinimaraqlı məkanlarını da paylaşımlarında əks etdirir.

Fəridin videoları sadəcə gündəlik həyatın kadrları deyil, həm də bölgələrin mədəni rəngarəngliyini, insanların səmimiyyətini və kəndlərin özünəməxsus gözəlliyini göstərir. Beləliklə, o, həm izləyicilərə faydalı məzmun təqdim edir, həm də Şəki və ətraf kəndlərin zəngin irsini daha geniş auditoriyaya tanıdır.

Saf sevgi və kənd həyatının gözəl hekayəsi - @zuxra.elchin

TikTok-da diqqət çəkən maraqlı yaradıcı hesablardan biri kənddə yaşayan gənc ailəyə məxsusdur. Onlar köhnə kənd evini öz zəhmətləri ilə təmir edir, köhnə mebelləri rəngləyərək onlara yeni həyat bəxş edirlər. Bu proses həm izləyicilər üçün maraqlı bir təcrübə, həm də kənd həyatının səmimiliyinin göstəricisidir.

Cütlük bununla kifayətlənməyib, köhnə və qırılmış əşyalardan yaradıcılıqla yeni əl işləri hazırlayır. Hər paylaşımda onların gəncliyə xas saf sevgisi və kənd həyatının təmiz, hüzurverici ab-havası duyulur. Beləcə, onların hekayəsi həm sevginin, həm də sadə kənd həyatının gözəlliyini izləyicilərə çatdırır.

Bir sözlə, TikTok həm də kənd həyatının sadəliyini, təmizliyini və orqanik dəyərlərini geniş auditoriyaya çatdıran bir platformaya çevrilib. Bu yaradıcıların paylaşdıqları videolar kəndin zəhmətini, təbiətin gözəlliyini və saf yaşam tərzini izləyicilərə sevdirir. Onların məzmunu göstərir ki, kənd həyatı sadəcə keçmişin xatirəsi deyil, həm də gələcək üçün ilhamverici yaşam tərzidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az