Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 15 sentyabr - Bilik günü və yeni tədris ilinin başlanması münasibətilə bütün müəllim, tələbə və şagirdləri, həmçinin valideynləri təbrik edib.
Manset.az xəbər verir ki, M.Abbaszadə təbrik mesajında bildirib:
“Əziz şagirdlər! Hər birinizə bol enerji, öyrənmək həvəsi və dərslərinizdə nailiyyətlər arzulayıram.
Tələbə adını yenicə qazanmış gənclər! Hər biriniz önəmli bir mərhələni geridə qoyaraq biliklərinizi, əzminizi və məqsədyönlü olduğunuzu sübut etmisiniz. İndi qarşınızda imkanlarla, kəşflərlə və nailiyyətlərlə dolu yeni bir səhifə açılır. Müasir dünya sürətlə dəyişir, texnologiyalar o qədər tez inkişaf edir ki, bu gün əldə etdiyimiz biliklərin sabah artıq yenilənməsinə ehtiyac duyala bilər. Buna görə də təhsil yalnız imtahanlara hazırlıq deyil, həm də ömür boyu öyrənmə bacarığı, yeniliklərə açıq olmaq və çevik uyğunlaşmaq qabiliyyətidir.
Unutmayın ki:
- bilik və bacarıqlarınız sizin əsas sərvətinizdir;
- məsuliyyət, intizam və öyrənmə həvəsi sizə uğur qazanmaqda köməklik göstərəcək;
- İdeyalarınız, inkişaf etmək arzunuz ölkəmizin və cəmiyyətimizin gələcəyini formalaşdıracaq.
Əminəm ki, hər biriniz elm, mədəniyyət, texnologiya, iqtisadiyyat və digər sahələrin inkişafına öz töhfənizi verəcəksiniz. Qoy bu tədris ili sizə yalnız yeni biliklər deyil, həm də kəşf sevinci, sadiq dostlar və öz gücünüzə inam bəxş etsin".