Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Manset.az-a açıqlamasında bildirib ki, ailə uşaqlardan imtina etməyib. Onun sözlərinə görə, Tovuz Rayon İcra Hakimiyyəti tərəfindən uşaqların baxımsız qaldığı müəyyən edilib və bu barədə aidiyyəti qurumlara məlumat verilib:
“Ailə uşaqlardan imtina etməyib. Tovuz Rayon İcra Hakimiyyəti uşaqları aşkarlayıb. Qonşu icra hakimiyyətinə məlumat verib ki, qonşuluqda bir ailədə uşaqlar baxımsız vəziyyətdə qalıb. İcra hakimiyyəti, eyni zamanda aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ailəyə baxış keçirib və müəyyən ediblər ki, həqiqətən də uşaqlar evdə baxımsız vəziyyətdədir. Çünki ata uşaqlara baxmır, alkoqol aludəçisidir. Ana da uşaqlara baxmaq iqtidarında deyil. Buna görə də İcra hakimiyyəti aidiyyəti qurumlarla və polis əməkdaşları ilə birlikdə uşaqları xəstəxanaya yerləşdirib. Hazırda onların müayinələri davam etdirilir. "
Komitədən qeyd olunub ki, uşaqların vəziyyəti ilə bağlı zəruri tədbirlər görüləcək.
***
Tovuz rayonunda valideynlər üç övladından imtina edib.
Manset.az Report-a istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı - Y.Ələsgərov (2018), İ.Ələsgərov (2019) və İ.Ələsgərov (2024) polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunub ki, valideyinləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir.