Laçın rayonunun Arduşlu kəndindən olan
Şahin və Vüqar Qədirov qardaşları tərəfindən “Facebook” sosial şəbəkəsində şəxsi
hesablarında son günlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin fəaliyyətinə və nüfuzuna xələl gətirəcək əsassız iddialardan, eləcə
də Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan
xarakterli ifadələrdən ibarət statuslar paylaşılıb.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin məlumatında qeyd olunub.
"İlkin olaraq bildiririk ki, Şahin Qədirov
məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədi şossesində yerləşən və Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti
olaraq qeydiyyata alınıb. O, dövlət tərəfindən mənzillə təmin olunması üçün
müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət edib və rəhbərlik
tərəfindən qəbul edilərək dinlənilib. Müraciət müəllifinə Komitənin məcburi
köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunda boş yaşayış sahəsinin olmadığı və
məcburi köçkün düşdüyü Arduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma
kəndində evlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsində baxılacağı
barədə rəsmi olaraq məlumat verilıb.
Şahin Qədirovun yenidən Komitəyə müraciəti
nəzərə alınaraq o, 2026-cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalov tərəfindən
qəbul edilmişdir. Müraciət müəllifi hazırda fasilələrlə kirayə və qohum evlərində
yaşadığını əsas gətirərək, antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış
məntəqələrindən birində onun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələb
edib.
Komitədə fəaliyyət göstərən “Daimi Məskunlaşma
Komissiyası”nın üzvləri tərəfindən aparılmış araşdırma zamanı Ş.Qədirovun həyat
yoldaşından rəsmi qaydada boşandığı və bu səbəbdən Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq
edilmiş Qaydaya əsasən ona yalnız bir otaqdan ibarət evin verilə biləcəyi müəyyən
olunub. Bu bərədə, eləcə də hazırda antiterror əməliyyatları zamanı azad
edilmiş yaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdan ibarət evin
olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğun ev olduğu təqdirdə
müraciətinin müsbət həll ediləcəyi onun diqqətinə çatdırılıb.
Bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin
yerinə yetirilmədiyini görən Şahin Qədirov, qardaşı Vüqar Qədirovla birgə Dövlət
Komitəsinin və onun vəzifəli şəxsinin ünvanına şər və böhtan xarakterli qərəzli
fikirlərini sosial şəbəkə hesablarında paylaşıb, öz maraqlarını təmin etmək
üçün ictimai çaşğınlıq və dövlət qurumuna inamsızlıq yaratmağa cəhd ediblər.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi, dövlət orqanına və ya vəzifəli şəxsə qarşı bilərəkdən
yalan, nüfuzdan salan məlumatların (böhtan və təhqir) yayılmasının Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən hüquqi məsuliyyət yaratdığını vətəndaşların
diqqətinə çatdırır və onların qanunazidd hərəkətləri ilə bağlı müvafiq
hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində
saxlayır".