Ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin
hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin monitorinqi və təşviqi
üzrə müstəqil monitorinq mexanizmi mandatı çərçivəsində Bakı şəhərinin mərkəzində
əlilliyi olan şəxslər üçün infrastrukturun müyəssərliyi ilə bağlı monitorinq
aparılıb və əldə olunan nəticələrə dair hesabat hazırlanıb.
Manset.az-ın məlumatına görə, monitorinq zamanı Dənizkənarı Milli Park və orada yerləşən iki iri ticarət obyekti, habelə Qız qalasının ətrafı, Fəvvarələr meydanı, Xaqani bağı, Azneft meydanının ətraf ərazilərinə baxış keçirilərək mövcud infrastrukturun müyəssərliyi qiymətləndirilib.
Bu məqsədlə həmin ərazi üzrə ictimai nəqliyyat, turizm,
rekreasiya, istirahət və əyləncə infrastrukturu, yeraltı və yerüstü keçidlər, ictimai
sanitar qovşaqlar, avtobus dayanacaqları, liftlər, işıqforlar, habelə informasiya
təminatı üçün quraşdırılan lövhələr və mövcud saytlara baxış keçirilib. Eyni
zamanda, hərəkət məhdudiyyətli şəxslərlə yanaşı, görmə və eşitmə qabiliyyəti məhdud
olan şəxslərin ehtiyaclarının nəzərə alınıb-alınmaması kimi məsələlər diqqətdə
saxlanılıb.
Ombudsmanın müstəqil
monitorinq qrupunun üzvləri tərəfindən həyata keçirilmiş monitorinqə əlilliyi olan
şəxsləri təmsil edən qeyri-hökumət təşkilatının nümayəndəsi də cəlb olunub.
Aparılmış monitorinqlər zamanı bir çox obyektlərdə
pandusların mövcud olduğu, lakin quraşdırılmış bəzi pandus və rampaların standartlara
uyğun olmaması səbəbindən əlilliyi olan şəxslərin infrastrukturdan müstəqil
istifadəsi üçün müəyyən çətinliklərin yarandığı müşahidə edilib.
Hazırlanmış hesabatda
monitorinq nəticəsində əldə edilmiş faktlar, fotolar, bu sahədə mövcud hüquqi öhdəliklərin
təhlili və bir sıra təkliflər öz əksini tapıb.
Monitorinqin nəticələri
ilə əlaqədar Ombudsman tərəfindən aidiyyəti qurumlara məktublar ünvanlanıb.
Qeyd edək ki,
Ombudsman tərəfindən mütəmadi olaraq infrastruktur obyektlərinin əlilliyi olan
şəxslərə münasibətdə müyəssərliyinin təmin olunması ilə bağlı tövsiyələr irəli
sürülür və bu cür monitorinqlər davamlı xarakter daşıyır.
Hesabatın tam mətni
ilə buradan tanış ola bilərsiniz.