Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə (17-22 may) Bakı şəhərində bəzi təhsil müəssisələri distant formada fəaliyyət göstərəcək.
Manset.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, sözügedən dövrdə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.
Qeyd edək ki, qərar məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələrinə aid deyil.