Sinqapur Konvensiyasının Azərbaycan üçün hüquqi əhəmiyyəti  

17:33 - 25 Aprel 2026

Sinqapur Konvensiyasının Azərbaycan üçün hüquqi əhəmiyyəti  

Müasir dövrdə beynəlxalq kommersiya münasibətlərinin genişlənməsi ilə dövlətlərarası və transmilli mübahisələrin alternativ həlli mexanizmlərinə ehtiyac əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan mediasiya institutu Azərbaycanda da mübahisələrin sürətli, çevik və tərəflərin maraqlarına uyğun həll vasitəsi kimi xüsusi önəm qazanmışdır. Lakin mediasiyanın əsas zəif tərəfi mediasiya nəticəsində əldə edilən barışıq sazişlərinin dövlətlərarası tanınması və icrası məsələsi olmuşdur.


Birləşmiş Millətlər Təşkilatının “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyası (Sinqapur Konvensiyası, 2018) məhz bu boşluğu aradan qaldırmaq məqsədi daşıyır. Bu məqalədə Konvensiyanın hüquqi mahiyyəti, əsas müddəaları və onun Azərbaycan Respublikası üçün mümkün normativ, institusional və iqtisadi əhəmiyyəti təhlil etməyə və mövcud qanunvericilik aktlarına mümkün və zəruri dəyişikliklərə toxunmağa çalışacağam. 

Açar sözlər: mediasiya, Sinqapur Konvensiyası, beynəlxalq kommersiya mübahisələri, barışıq sazişi, icra, alternativ mübahisə həlli.

Giriş

Qloballaşan iqtisadi münasibətlər şəraitində beynəlxalq müqavilələrin sayı artdıqca, həmin münasibətlərdən irəli gələn mübahisələrin həlli mexanizmləri də strateji əhəmiyyət kəsb edir. Ənənəvi məhkəmə icraatı və arbitraj institutları ilə yanaşı mediasiya son illərdə daha geniş tətbiq edilməyə başlanmışdır. Mediasiyanın üstünlükləri sırasında vaxt və xərc baxımından səmərəlilik, tərəflər arasında mövcud kommersiya münasibətlərinin qorunması, konfidensiallıq və çeviklik xüsusi qeyd olunur.

Bununla belə, uzun müddət mediasiya nəticəsində bağlanan beynəlxalq barışıq sazişlərinin başqa dövlətlərdə tanınması və məcburi icrası üzrə vahid mexanizm mövcud olmamışdır. Bu problem isə  mediasiyanın beynəlxalq ticarət münasibətlərində tam potensialı ilə tətbiqinə maneə yaradırdı. Məhz bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ Komissiyası (United Nations Commission on International Trade Law) tərəfindən hazırlanmış və 2018-ci ildə qəbul olunmuş Sinqapur Konvensiyası mediasiya sahəsində mühüm beynəlxalq hüquqi sənəd kimi mühüm əhəmiyyətə malikdir.

Sinqapur Konvensiyasının hüquqi mahiyyəti

Sinqapur Konvensiyası mediasiya nəticəsində əldə olunan beynəlxalq kommersiya xarakterli barışıq sazişlərinin iştirakçı dövlətlərdə tanınması və icrası üçün vahid hüquqi mexanizm  yaradır. 

Bu baxımdan Konvensiya arbitraj qərarlarının tanınması və icrasını tənzimləyən Xarici Arbitraj Qərarlarının Tanınması və İcrası haqqında Konvensiya (Convention on the Recognition and Enforcement of Foreign Arbitral Awards) ilə funksional oxşarlıq təşkil edir. Yeri gəlmişkən qeyd edim ki, 9 noyabr 1999-cu il tarixli "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" Konvensiyaya qoşulmaq barədə Qanunun qəbulu ilə Azərbaycan Respublikası bu konvensiyaya qoşulmuşdur.

Maddə 1 – Tətbiq dairəsi

Sinqapur Konvensiyası aşağıdakı meyarlara cavab verən sazişlərə tətbiq olunur:

  • mediasiya nəticəsində əldə olunmalıdır; 
  • yazılı formada olmalıdır; 
  • kommersiya münasibətindən irəli gəlməlidir; 
  • beynəlxalq xarakter daşımalıdır. 

Ailə, miras, əmək və istehlak münasibətlərindən irəli gələn sazişlər Konvensiyanın tətbiq dairəsindən kənarda saxlanılmışdır ki, bu da Konvensiyanın kommersiya dövriyyəsinə yönəldiyini və investor münasibətlərinə xidmət etdiyini göstərir.

Əsas mexanizm: tanınma və icra

Maddə 3

Konvensiyanın ən mühüm yeniliyi ondan ibarətdir ki, iştirakçı dövlətlər mediasiya nəticəsində əldə olunmuş sazişlərin icrasını təmin etməyi və həmin sazişlərə müdafiə vasitəsi kimi istinad edilməsini tanımağı öhdələrinə götürürlər. Bu müddəa praktiki baxımdan aşağıdakı nəticələri yaradır:

  • mediasiya sazişi sadəcə etik razılaşma olaraq qalmır; 
  • öhdəliyin yerinə yetirilməməsi halında hüquqi müdafiə mümkündür; 
  • beynəlxalq ticarətdə mediasiyanın etibarlılığı artır. 

İcradan imtina əsasları

Maddə 5

Sinqapur Konvensiyası eyni zamanda balanslaşdırılmış mexanizm yaradır. Belə ki, hər bir saziş avtomatik icra olunmur. İştirakçı dövlətin səlahiyyətli orqanı müəyyən hallarda icradan imtina edə bilər. İcradan imtinaya əsas verən hallar aşağıdakılardır:

  • tərəfin hüquq qabiliyyətinin olmaması; 
  • sazişin etibarsızlığı; 
  • öhdəliyin artıq icra edilməsi; 
  • sazişin qeyri-müəyyənliyi; 
  • mediatorun qərəzliliyi və ya etik pozuntusu; 
  • dövlətin ictimai qaydasına ziddlik. 

Bu normalar həm hüquqi təhlükəsizlik, həm də sui-istifadələrin qarşısının alınması baxımından çox əhəmiyyətlidir.

Konvensiyanın Azərbaycan üçün hüquqi əhəmiyyəti

Mediasiya institutunun gücləndirilməsi

Azərbaycanda mediasiya institutu son illərdə daha da sürətlə inkişaf edir, yeni mediatorlar və mediasiya təşkilatları fəaliyyətə başlayır, barışıq sazişlərinin sayı ilbəil daha da artır. Bu mənada  Sinqapur Konvensiyasına qoşulma daxili mediasiya sisteminə beynəlxalq etibar qazandıra, xarici investorlar və beynəlxalq şirkətlər mediasiya mexanizminə daha çox üstünlük verə bilərlər.

İnvestisiya mühitinə müsbət təsir

İnvestor üçün əsas risklərdən biri mübahisə halında hüquqların effektiv müdafiəsidir. Əgər mediasiya yolu ilə bağlanmış sazişin Azərbaycanda və digər iştirakçı dövlətlərdə icrası mümkündürsə, bu, artıq hüquqi risklərin azalması deməkdir.

Məhkəmə yükünün azaldılması

Beynəlxalq kommersiya mübahisələrinin müəyyən hissəsi mediasiya yolu ilə həll olunduqda dövlətdaxili məhkəmələrin iş yükü azalır və resurslardan daha səmərəli istifadə edilir.

Regional hüquq mərkəzi potensialı

Azərbaycan coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və iqtisadi layihələri nəzərə alınmaqla regional hüquq xidmətləri mərkəzinə çevrilə, Bakı regionda beynəlxalq mediasiya platforması kimi formalaşa bilər.

Azərbaycan qanunvericiliyinə zəruri təsirlər

Lakin Sinqapur Konvensiyasının real tətbiqi üçün təkcə qoşulma ilə iş bitmir və aşağıdakı sahələrdə normativ dəyişikliklərin həyata keçirilməsi zəruridir:

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

  • beynəlxalq mediasiya anlayışının əlavə edilməsi (ayrıca maddədə göstərilməlidir ki, tərəflər müxtəlif dövlətdədirsə, müqavilənin icra yeri xaricdirsə, mübahisə beynəlxalq ticarətlə bağlıdırsa, bu beynəlxalq mediasiya sayılır; 
  • beynəlxalq barışıq sazişi ilə bağlı konvensiyaya uyğun ayrıca termin əlavə olunmalıdır.
  • elektron mediasiyanın tanınması (onlayn mediasiya və elektron imza ilə bağlanacaq sazişlərin hüquqi qüvvəsi açıq göstərilməlidir); 
  • mediatorun beynəlxalq etik öhdəliklərinin müəyyənləşdirilməsi. 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

  • beynəlxalq mediasiya sazişlərinin tanınması üzrə xüsusi icraat; 
  • aidiyyət qaydaları; 
  • sadələşdirilmiş baxılma müddətləri. 

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

  • tanınmış sazişlərin icra sənədi statusu; 
  • xarici valyuta öhdəliklərinin icrası mexanizmi. 

Praktik çətinliklər

Sinqapur Konvensiyasının praktiki tətbiqi zamanı aşağıdakı problemlərin meydana çıxması gözlənilir:

  • hakimlərin yeni institut üzrə təcrübəsinin azlığı; 
  • mediatorların beynəlxalq kommersiya sahəsində yetərli hazırlığının olmaması; 
  • saziş mətnlərinin arzuedilən keyfiyyətdə olmaması; 
  • tərcümə və terminologiya problemləri; 
  • tərəflərin sui-istifadə məqsədilə prosesi uzatmaq cəhdləri. 

Bu səbəbdən yalnız normativ dəyişiklik deyil, institusional hazırlıq da çox vacibdir və Azərbaycanın qısa müddətdə mediasiya sahəsində əldə etdiyi böyük təcrübə və uğurlar bütün çətinliklərin uğurla dəf ediləcəyini deməyə əsas verir. 

Sinqapur Konvensiyası mediasiyanın beynəlxalq kommersiya münasibətlərində effektivliyini artıran mühüm hüquqi mexanizmdir. Konvensiyaya qoşulmaq Azərbaycan üçün investisiya mühitinin yaxşılaşdırılması, mediasiya institutunun daha da gücləndirilməsi, beynəlxalq etibarın artırılması və regional hüquqi platforma statusunun formalaşdırılması baxımından əhəmiyyətli ola bilər. Lakin real nəticə yalnız ratifikasiya ilə deyil, daxili qanunvericiliyin uyğunlaşdırılması, məhkəmə praktikasının formalaşdırılması və peşəkar beynəlxalq mediator korpusunun yaradılması ilə mümkündür.

Beləliklə, Sinqapur Konvensiyasına qoşulmaq Azərbaycan üçün olduqca mühüm əhəmiyyətli praktik və strateji hüquqi alət hesab oluna bilər.

Xanlar Sətullayev

Mediator


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az