Azərbaycan Dillər Universiteti (ADU)
nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin
təşkilatçılığı və Xətai rayonu 260 №-li tam orta məktəbin birgə əməkdaşlığı ilə
“Heydər Əliyev və türk dünyası” mövzusunda elmi-maarifləndirici tədbir
keçirilib.
Tədbir ümummilli lider Heydər
Əliyevin zəngin dövlətçilik irsinin, onun Azərbaycan xalqı və bütövlükdə Türk
dünyası qarşısındakı müstəsna xidmətlərinin gənc nəslə sistemli şəkildə
çatdırılması məqsədi ilə təşkil olunub. Bununla yanaşı, milli birlik və həmrəylik
ideyalarının təbliği, bu dəyərlər ətrafında maarifləndirici müzakirələrin
aparılması tədbirin əsas istiqamətlərini təşkil edib.
Tədbirin moderatoru Türk
Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli açılış nitqi ilə çıxış
edərək Heydər Əliyevin dövlətçilik konsepsiyasını Türk dünyası kontekstində
dəyərləndirib, onun ortaq tarixi-mədəni bağların möhkəmləndirilməsi, türk
xalqları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi və siyasi
əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin mahiyyətini
diqqətə çatdırıb. O, vurğulayıb ki, Heydər Əliyevin müəyyən etdiyi strateji
kurs bu gün də Azərbaycan dövlətinin inkişaf xəttinin əsas dayaqlarından biri
olmaqla yanaşı, Türk dünyasında ideya və məqsəd birliyinin güclənməsinə xidmət
edir.
Çıxışda eyni zamanda qeyd olunub ki,
ümummilli liderin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi
istiqamətində həyata keçirdiyi siyasət milli dövlətçilik ənənələrinin
formalaşmasında həlledici rol oynamışdır. Bu siyasi kursun davamı olaraq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin
əldə etdiyi mühüm nailiyyətlər və tarixi uğurlar gənc nəslin diqqətinə
çatdırılmalı olan əsas məqamlardandır.
Adıçəkilən məktəbin direktoru Kəmalə
Quliyeva, Xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Ziyad Səmədzadə, Yunus
Emre İnstitutunun koordinatoru Gökhan Seyhan, Xətai Rayon İcra Hakimiyyəti
başçısı aparatının şöbə müdiri Pənah İmanov və Şəhla Verdiyeva çıxışlarında
mövzuya müxtəlif aspektlərdən yanaşaraq Heydər Əliyev irsinin siyasi,
ideoloji,iqtisadi və mədəni mahiyyətini şərh edib, onun Türk dünyası ilə bağlı
baxışlarının aktuallığını müxtəlif nümunələr əsasında əsaslandırıblar.
Tədbir çərçivəsində qeyd olunub ki,
bu kimi elmi-maarifləndirici təşəbbüslərin ümumtəhsil məktəblərində, eləcə də
digər təhsil və mədəniyyət müəssisələrində ardıcıl şəkildə təşkili gənclərin
milli kimlik, dövlətçilik ənənələri və Türk dünyası ilə bağlı dəyərlər haqqında
sistemli biliklərinin formalaşmasına mühüm töhfə verir.
Ümumilikdə tədbir Heydər Əliyev
irsinin elmi müstəvidə təhlili, onun Türk dünyası ilə bağlı ideyalarının
ardıcıl şəkildə təbliği və gənc nəslin bu istiqamətdə maarifləndirilməsi
baxımından məzmunlu və səmərəli elmi-mədəni platforma kimi yadda qalıb.