Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil
monitorinq mexanizmi fəaliyyəti çərçivəsində Quba və Qusar rayonlarında yerləşən
təhsil müəssisələrində monitorinqlər keçirilib.
Manset.az xəbər verir ki, Ombudsman
Aparatının əməkdaşları tərəfindən Qusar rayonu Hil kəndi Kərim Kərimov adına 1
nömrəli tam orta ümumtəhsil məktəbi, Qusar rayonu Hil kəndi Dair Şahbazov adına
2 nömrəli ümumi orta ümumtəhsil məktəbi, Quba şəhəri ümumi təyinatlı internat
tipli ümumtəhsil məktəbi və Quba xüsusi Peşə Məktəbində həyata keçirilən
monitorinqlərdə uşaq hüquqlarının təmini və ayrı-seçkilik halları ilə bağlı vəziyyət
qiymətləndirilib.
Monitorinqlər
zamanı müəssisələrin inzibati otaqlarına baxış keçirilib, qanunvericiliklə müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə müvafiq olaraq təhsil hüququnun həyata
keçirilməsi, davamiyyət, rəftar, zorakılıqla mübarizə mexanizmi, göstərilən
xidmətlərin keyfiyyətinə dair digər tələblər araşdırılıb.
Eyni
zamanda, müəssisələrdə şagird və işçi heyətinin iştirakı ilə uşaq hüquqlarının
müdafiəsinə dair maarifləndirici görüşlər təşkil edilib, onları maraqlandıran
suallar cavablandırılıb, müəssisələrə maarifləndirici nəşrlər təqdim edilib.
Monitorinqlərin
yekununda həmin müəssisələrin rəhbərliyi ilə müəyyən edilən çatışmazlıqlara
dair söhbətlər aparılıb, uşaqların hüquq və mənafelərinin daha səmərəli təmin
olunması istiqamətində müvafiq tövsiyələr verilib.