İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək
Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların
iştirakı ilə Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası keçirilir.
Manset.az xəbər verir ki, tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının
(AHİK) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
nümayəndə heyətləri təmsil edir.
Azərbaycan nümayəndə heyəti konfrans çərçivəsində
bir sıra görüşlər keçirib. Beynəlxalq Əmək Təşkilatının İşçilərin Fəaliyyətləri
Bürosunun (ACTRAV) direktoru Oliver Röpke ilə görüşdə işçilərin hüquqlarının
müdafiəsi, əməyin təhlükəsizliyi, gender bərabərliyinin təşviqi, birgə təlim
proqramları və institusional potensialın gücləndirilməsi istiqamətində həyata
keçirilən layihələrdən bəhs olunub.
Konfederasiya sədri Sahib Məmmədov BƏT-lə
uzunmüddətli və səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Bildirilib ki,
Azərbaycanın BƏT-in 60 konvensiyasını və bir protokolunu ratifikasiya etməsi
ölkədə beynəlxalq əmək standartlarının tətbiqinə və əmək münasibətlərinin
müasir tələblərə uyğun tənzimlənməsinə verilən önəmin göstəricisidir. Bütün
bunlar isə AHİK-lə BƏT arasında əlaqələrin daha da genişlənməsi üçün əlverişli
zəmin yaradır.
Görüşdə AHİK və ACTRAV arasında 2025-ci
ildə təhsil sahəsində imzalanmış Əməkdaşlıq haqqında Bəyannamədən irəli gələn məsələlərin
icrası, həmkarlar ittifaqı üzvlərinin bilik və peşə bacarıqlarının artırılması
istiqamətində görülən işlər diqqətə çatdırılıb, gələcək əməkdaşlıq perspektivləri,
birgə təşəbbüslər və layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
AHİK nümayəndələri tədbir çərçivəsində
Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Sergey Bızovla da görüşüblər.
Görüşdə Azərbaycan və Ukraynanın həmkarlar
ittifaqları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi
aparılıb, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, layiqli əmək şəraitinin
təmin olunması sahələrində təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.