45 yaşdan sonra qadınların bədənində baş verən hormonal dəyişikliklər səbəbindən artıq çəki problemi daha çox müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, bu yaş dövründə bədənin dəyişməsi təbii prosesdir və əsas səbəb metabolizmin kəskin zəifləməsi deyil, hormonal balansın dəyişməsidir.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, araşdırmalara görə, 40–45 yaşdan sonra qadın orqanizmində estrogen, progesteron, testosteron, kortizol, insulin və aclıq hormonları (qrelin və leptin) kimi hormonlarda dəyişikliklər baş verir. Bu isə iştahanın artmasına və yağların daha çox yığılmasına səbəb olur.
Həkimlər qeyd edirlər ki, bu dövrdə qadınlar perimenopauza və menopauza mərhələsinə daxil olur və bu da çəki artımını sürətləndirə bilər. Eyni zamanda yaşla birlikdə bazal metabolizm bir qədər azalır və artıq kalori asanlıqla yağ kimi yığılır.
Qidalanma və gündəlik rejim
Mütəxəssislərin tövsiyəsinə əsasən, 40 yaşdan sonra qadınların gündəlik kalori qəbulu orta hesabla 1800, 45 yaşdan sonra isə 1600 kilokaloridən artıq olmamalıdır.
Qidalanmada duzun azaldılması (gündə 5 qramdan çox olmamaq şərti ilə), şəkərli içkilər və şirniyyatların məhdudlaşdırılması, həmçinin kolbasa və yağlı qidaların rasiondan çıxarılması tövsiyə edilir.
Bununla yanaşı, rasiona liflə zəngin tam taxıllar, tərəvəzlər, xüsusilə yaşıl yarpaqlı bitkilər, az yağlı süd məhsulları, meyvə və giləmeyvələr, eləcə də yağsız ət və balıq məhsulları daxil edilməlidir. Bu qidalar orqanizmin vitamin və mineral balansını qorumağa kömək edir.
Həkimlər həmçinin gündə azı 1,5 litr su içməyi və həftədə 1–2 dəfə yüngül "yüklənmə günləri” tətbiq etməyi məsləhət görürlər.
Sərt pəhrizlər təhlükəli ola bilərMütəxəssislər xəbərdarlıq edirlər ki, 45 yaşdan sonra ciddi pəhrizlər və aclıq rejimi sağlamlıq üçün risk yarada bilər. Bu dövrdə orqanizmdə kalsium və zülal çatışmazlığı osteoporoz və anemiya kimi problemlərə səbəb ola bilər.
Sağlam şəkildə arıqlama prosesi ayda 4 kiloqramdan çox olmamalıdır.
Dərman və tibbi yanaşma
Bəzi hallarda həkimlər iştahanın azaldılması üçün preparatların istifadəsini nəzərdən keçirə bilərlər. Məsələn, semaqlutid adlı preparat beyində toxluq hissini artıraraq iştahanı azaldır və qidalanma vərdişlərinin dəyişməsinə kömək edir. Lakin bu cür dərmanların istifadəsi yalnız həkim nəzarəti ilə mümkündür.
Digər vacib amillər
Mütəxəssislər bildirirlər ki, kifayət qədər yuxu, fiziki aktivlik və stressin idarə olunması arıqlama prosesində mühüm rol oynayır. Yuxusuzluq aclıq hormonlarını artırır, stress isə kortizol səviyyəsini yüksəldərək iştahanı gücləndirir.
Eyni zamanda 40 yaşdan sonra əzələ kütləsinin azalması səbəbindən müntəzəm idman və aktiv həyat tərzi çəkinin nəzarətdə saxlanmasına kömək edir.
Həkimlər nəticə olaraq bildirirlər ki, 45 yaşdan sonra sağlam həyat tərzinə keçid çətin olsa da, düzgün qidalanma, fiziki aktivlik və emosional balansla artıq çəkiyə nəzarət etmək mümkündür.