Xalq yazıçısı, akademik Kamal Abdulla,
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev və Türkiyənin tanınmış təhsil və
elm xadimi Ziya Səlcuqun həmmüəllif olduğu “Uşaqlar üçün qeyri-səlis məntiq”
adlı kitab Özbəkistanda rus və özbək dillərində çap olunub.
“Marifat” nəşriyyatında özbək dilində
işıq üzü görən nəşri Azərbaycan dilindən Özbəkistan Elmlər Akademiyasının
həqiqi üzvü N.R.Yusupbekov və professor Y.Ş.Avazov tərcümə ediblər. Rus dilində
nəşr olunan kitabın tərcüməçiləri isə akademik N.R.Yusupbekov və professor
Ş.M.Qulyamovadır.
Akademik N.R.Yusupbekov “Uşaqlar üçün
qeyri-səlis məntiq” adlı kitabın Ön sözündə yazır ki, “bu kitabı oxumaq sizin
üçün vacibdir. Çünki bu kitab sizə təkcə bir elmi fənni öyrətmir, həm də
dünyaya fərqli baxış forması qazandırır. Bu kitab sayəsində anlayacaqsınız ki,
hər hansı hadisəyə kəskin və birtərəfli qiymət verməzdən əvvəl düşünmək,
müqayisə aparmaq, səbəbləri tapmaq, ehtimalları görmək və aralıq vəziyyətləri
başa düşmək lazımdır. Bu isə gələcəkdə hansı sahəni seçməyinizdən asılı
olmayaraq sizə lazım olacaq ən vacib bacarıqlardan biridir.
Əziz şagirdlər, siz gələcəyin
alimləri, mühəndisləri, proqramçıları, həkimləri, iqtisadçıları, müəllimləri və
ixtiraçılarısınız. Məhz siz Yeni Özbəkistanın savadlı, müstəqil düşünən,
yaradıcı və müasir nəslisiniz. Qeyri-səlis məntiq kimi elmləri öyrənmək sizə
gələcəyin texnologiyalarını başa düşmək, süni intellektin mahiyyətini dərk
etmək, mürəkkəb problemlərə ağıllı həllər tapmaq və dünya elmi ilə ayaqlaşmaq
imkanı verir. Bu kitabı sadəcə sonuna qədər oxumaq üçün deyil, düşünərək,
suallar verərək, müzakirə edərək, nümunələr taparaq və onun məzmununu real
həyatla əlaqələndirərək oxuyun”.
“Uşaqlar üçün qeyri-səlis məntiq”
kitabı Özbəkistan oxucuları tərəfindən böyük rəğbət və maraqla qarşılanıb. Yeni
nəşr elmlə humanitar düşüncə arasında körpü rolunu oynayaraq uşaqların
dünyagörüşünü genişləndirir və onları müasir elmi paradiqmalara yaxınlaşdırır.
Qeyri-səlis məntiq nəzəriyyəsini uşaqlar üçün sadə və anlaşılan formada təqdim
edən kitabda mövzular məktəb mühiti üzərindən izah olunur və qeyri-səlis
məntiqin gündəlik həyatda, süni intellekt sahəsində və digər elm sahələrində
tətbiq imkanlarına yer verilir. Əsər yalnız elmi biliklərin sadələşdirilmiş
təqdimatı ilə kifayətlənmir, eyni zamanda erkən yaşlardan analitik, yaradıcı
təfəkkürün formalaşdırılmasını hədəfləyir. Müəlliflər uşaqlara dünyanı yalnız
sərt kateqoriyalar çərçivəsində deyil, çoxmənalı və dinamik proses kimi dərk
etməyin yollarını göstərirlər.
Qeyd edək ki, Xalq yazıçısı, akademik
Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev son illər
qeyri-səlis məntiq nəzəriyyəsini Azərbaycan ədəbi və elmi sahələrinə uğurla
tətbiq edirlər. Onlar dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur
qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq etməklə
diqqətəlayiq nəticələr əldə etmiş, hər iki alimin birgə yazdıqları “Kitabi-Dədə
Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və
Türkiyədə çap olunaraq, oxucular tərəfindən böyük maraq və rəğbətlə
qarşılanmışdır.
Akademik Kamal Abdulla və professor
Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən
ikinci nəşri – “Qeyri-səlis məntiq və dil-nitq” adlı kitabında qeyri-səlis
məntiq nəzəriyyəsini dilçilikdə yeni bir istiqamət kimi təqdim edən müəlliflər
bu nəzəriyyənin dilin təbii çoxmənalılığı və qeyri-xətti xüsusiyyətlərini necə
izah etdiyini əhatəli şəkildə təhlil edirlər.
Akademik Kamal Abdulla, professor
Rafiq Əliyev və Türkiyənin tanınmış təhsil və elm xadimi Ziya Səlcuqun
həmmüəllif olduğu “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı isə yalnız elmi
biliklərin sadələşdirilmiş təqdimatı ilə kifayətlənmir, eyni zamanda erkən
yaşlardan analitik, yaradıcı təfəkkürün formalaşdırılmasını hədəfləyir.