Əməkdar jurnalist Tofiqə Qasımova (Nurani-56 yaş) 17.07.2026 tarixində Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.
Manset.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi açıqlama yayıb.
Məlumata görə, mərkəzə daxil olarkən xəstənin huşu alaqaranlıq olub, ümumi bədən çəkisi kəskin itirilmiş (kaxektik) qiymətləndirilib:
“Dəri örtüyü və görünən selikli qişalar kəskin saralmış, tənəffüsü oksigen dəstəyi ilə təmin olunub. Hemodinamikası inotrop dərman fonunda qeyri-stabil, hipotonik vəziyyətdə olub. Qarın həcmi assit hesabına kəskin böyümüş, sidik ifrazı isə anuriya şəklində qiymətləndirilib”.
Anamnestik olaraq xəstənin bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi məlumdur”.
Qeyd olunub ki, xəstənin müalicə prosesinə yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim heyəti cəlb olunub:
“Təcili qaydada təşkil edilən geniş konsiliumun qərarı ilə xəstəyə hemodializ də daxil olmaqla dərhal intensiv reanimasion dəstəyin göstərilməsinə başlanılıb.
Hazırda Bakı Sağlamlıq Mərkəzinin həkim heyəti tərəfindən xəstənin həyati göstəricilərinin stabilləşdirilməsi məqsədilə bütün zəruri müalicə tədbirləri fasiləsiz şəkildə davam etdirilir”.