Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun paytaxt Bakıdan Şabran rayonu istiqamətində təmir-bərpa işlərinə başlayır.
Manset.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir-bərpa işləri magistral yolun 52-119.5 km-də müəyyən hissələrdə yerinə yetiriləcək.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.