Böyük Britaniyada dəmiryol stansiyasında üç tələbə bıçaqlı hücuma məruz qalıb.
Manset.az Britaniya nəqliyyat polisinin məlumatına istinadən xəbər verir ki, hadisə fevralın 6-sı axşam saatlarında baş verib.
Hücum nəticəsində 20 yaşlı iki gənc bıçaq xəsarətləri alıb, 22 yaşlı digər şəxs isə üz nahiyəsindən kəsik yarası ilə xəstəxanaya çatdırılıb. Həkimlər zərərçəkənlərin həyatının təhlükədə olmadığını bildiriblər.
Məlumata görə, hücuma məruz qalan şəxslərin hamısı Londonda yerləşən “Royal Holloway” Universitetinin tələbələridir.
Hadisə ilə bağlı təxminən 30 yaşlı bir kişi ağır bədən xəsarəti yetirmək ittihamı ilə saxlanılıb. Hücumun motivləri hazırda araşdırılır.
Polis insidenti bir-birini tanımayan iki qrup arasında baş vermiş “ciddi, lakin təcrid olunmuş hadisə” kimi dəyərləndirib. Hücumla əlaqəsi olduğu ehtimal edilən daha iki nəfərin hadisə yerindən qaçdığı bildirilir və onların axtarışı davam etdirilir.