İmişlidə toyda kütləvi zəhərlənmə: Araşdırma aparılır - YENİLƏNİB

23:49 - 24 Sentyabr 2025

İmişlidə toyda kütləvi zəhərlənmə: Araşdırma aparılır - YENİLƏNİB

Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Manset.az xəbər verir ki, bu haqda Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

    Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

    Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.

    ***

    22:50

    İmişli rayonunda toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.


    Manset.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

    Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.

    Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

    ***

    21:42

    İmişlinin Muradxanlı kəndində toy mərasimində zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb.


    Manset.az Report-a istinadən xəbər verir ki, bunu İmişli Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Ələddin Əliyev deyib.

    "Şübhə ehtimalını biz kolit və entrokolit əlamətləri ilə əlaqələndiririk. Burda ağır zəhərlənmə - botulizmə şübhə yoxdur. Müayinənin nəticəsini gözləyirik. Yeyilən qidalardan bizim həkim kimi şübhəmiz hazırlanmış salatdan zəhərlənmədir. Əksəriyyətinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb", - şöbə müdiri bildirib.

    Qeyd edək ki, ötən gün baş tutan kiçik toy mərasimində iştirak etmiş 20 nəfər zəhərlənmə şübhəsi ilə bu gün rayon xəstəxanasına müraciət edib.

    ***

    18:45

    Bu gün saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 22 nəfər (4-ü uşaq olmaqla 8-i kişi, 1-i uşaq olmaqla 14-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


    Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

    Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

    15 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 5 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.

    Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir.

    ***

    18:21

    İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.


    Manset.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

      Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib: "Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

      Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır".

      ***

      18:12

      İmişli rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.


      Manset.az APA-ya istinadən xəbər verir ki, 18 nəfər zəhərlənmə diaqnozu ilə İmişli rayon xəstəxanasına yerləşdirlib. Onlardan 4-nün azyaşlı olduğu bildirilir.

        Ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edənlərin hamısı ötən gün rayonun Muradxanlı kəndində keçirilən toy mərasimində iştirak ediblər.


        Digər xəbərlər

        Xəbər xətti

        Bütün xəbər xətti
        yenielan.az
        yenielan.az