İmişli rayonunda toyda zəhərlənmə şübhəsilə təcili tibbi yardıma müraciət edənlərin sayı artıb.
Manset.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 24-ü saat 14:10-dan etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. Dörd nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir", - məlumatda qeyd olunub.