Futbol ictimaiyyəti daha bir itki ilə üzləşdi. 90-cı illərdə parlaq çıxışı ilə yadda qalan Nigeriya millisinin sabiq qapıçısı Peter Rufai 61 yaşında dünyasını dəyişib.
Manset.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyası məlumat yayıb.
Bildirilir ki, əfsanəvi qolkiper ağır xəstəlikdən sonra Laqosdakı evində vəfat edib.
Peter Rufai milli komandanın heyətində 60 dəfə meydana çıxıb. O, Nigeriya millisinin ABŞ-94 və Fransa-98 Dünya Çempionatlarındakı uğurlarında əsas fiqurlardan biri olub. Xüsusilə də, 1998-ci ildə Fransada keçirilən mundialda İspaniyaya qarşı qələbədə komandasının şərəfini qoruyub.
Klub karyerası ərzində Rufai Avropanın bir sıra tanınmış komandalarının şərəfini qoruyub. O, İspaniyada “Deportivo La Korunya” və “Hércules”, Belçikada “Lokeren”, Hollandiyada “Go Ahead Eagles”, Portuqaliyada isə “Farense” və “Gil Vicente” klublarında çıxış edib.