AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Manset.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
İiclasda Misli Premyer Liqasının 8-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu “Kəpəz”lə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Bundan başqa, hər iki komandanın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün klublar 1500 manat ziyana düşüb. Həmçinin oyun zamanı 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” daha 700 manat cərimələnib.
“Qəbələ” klubu “İmişli” ilə qarşılaşmada 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün 700 manat cərimə ödəyəcək.
“Sumqayıt” – “Karvan-Yevlax” oyunu qonaq komandanın meydançaya vaxtında çıxmaması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib.
“Neftçi” isə “Araz-Naxçıvan”la matçda baş verənlərə görə ümumilikdə 9700 manat xərcə düşüb. Bakı klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə 6000, rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə isə 3000 manat cərimələnib.