Portuqaliya Futbol Federasiyasının (FPF) İntizam Şurası Kriştiano Ronaldonun milli komandanın təlim-məşq toplanışını icazəsiz tərk etməsi ilə bağlı araşdırmaya başlayıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, oktyabrın 9-da başladılan intizam işi çərçivəsində futbolçuya qarşı müvəqqəti diskvalifikasiya qərarı da qəbul olunub. İşə təcili statusu verilib və oktyabrın 10-da materiallar FPF-nin İntizam-İstintaq Komitəsinə göndərilib. Araşdırma başa çatana qədər işin materiallarının açıqlanması qadağan edilib.
"A Bola"nın yazdığına görə, baş verən hadisələrlə əlaqədar Ronaldo Portuqaliya millisinin kapitanı vəzifəsindən də avtomatik olaraq kənarlaşdırılıb.
Qeyd edək ki, Ronaldonun milli komandanın baş məşqçisi Jorje Jesusla münasibətləri Norveçlə oyundan sonra gərginləşib. Futbolçunun sözlərinə görə, əvvəlcə onun Norveç və Danimarka ilə matçlarda dincəlməsi razılaşdırılıb. Lakin sonradan Jesus Norveçlə qarşılaşmada ona təxminən 30 dəqiqə oynamaq imkanı verəcəyini bildirib. Ronaldo isinmə hərəkətləri etsə də, meydana buraxılmayıb.
Portuqaliyalı hücumçu daha sonra məşqçinin mətbuat konfransında əvvəlcədən razılaşdırılmış izahatı səsləndirmədiyini iddia edib. Onun sözlərinə görə, bu, məşqçiyə olan etimadını sarsıdıb və milli komandanın düşərgəsini tərk etmək qərarına səbəb olub. Jesus isə tərəflər arasında belə bir razılaşmanın olduğunu təsdiqləməyib. Beləliklə, federasiyanın intizam araşdırmasına səbəb Ronaldonun məşqçi ilə yaşadığı münaqişədən sonra komandanın düşərgəsini icazəsiz tərk etməsi olub.