Cari rüb ərzində həm neft məhsullarının ixrac həcmlərində artım müşahidə olunub, həm də bu məhsulların dünya bazarlarındakı qiymətləri yüksəlib. Bu iki faktorun paralel təsiri nəticəsində ümumi artım təxminən 50 faiz civarında qeydə alınıb ki, bu da öz növbəsində həmin sahə üzrə ixracdan daxilolmaların nəzərəçarpan şəkildə artdığını göstərir.
Manset.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib.
Onun sözlərinə görə, Azərbaycanın neft məhsullarının istehsalı, ixracı üzrə real potensialı mövcuddur və bu potensialın gələcəkdə daha da genişləndirilməsi mümkündür.
“İxrac göstəricilərində əldə olunan artım ölkə iqtisadiyyatının struktur baxımından dayanıqlığını və çevikliyini də əks etdirir. Digər tərəfdən, qiymətlərin yüksəlməsi təkcə yerli amillərlə deyil, daha çox qlobal proseslərlə bağlıdır. Xüsusilə də Körfəz regionunda baş verən geosiyasi gərginliklər, həmçinin xam neftin qlobal bazarlarda bahalaşması neft məhsullarının qiymətinə birbaşa təsir edən əsas faktorlardandır. Bildiyiniz kimi, həmin region dünyanın ən böyük neft və neft məhsulları ixracatçılarından biridir və orada baş verən hər hansı məhdudiyyət və ya ixrac çətinliyi dərhal dünya bazarlarında qiymətlərin artmasına səbəb olur. Bu proseslər fonunda neft məhsullarının qiymətində paralel olaraq müəyyən yüksəliş müşahidə olunur. Bununla belə, qiymətlərin mövcud yüksək səviyyədə uzun müddət qalması gözlənilmir. Çünki qiymət artımı daha çox qısamüddətli geosiyasi faktorlarla bağlıdır. Əsas diqqət yetirməli məsələ ondadır ki, açıqlanan rəqəmlər ölkənin istehsal imkanlarının geniş olduğunu, ixrac potensialının möhkəmləndiyini və ümumi iqtisadi perspektivlərin müsbət olduğunu göstərir”, - deyə Cəfər İbrahimli vurğulayıb.
İqtisadçı-ekspert qeyd edib ki, dövlətin əsas prioritetlərindən biri həm neft məhsullarının, həm də qeyri-neft sektoru üzrə ixracın artırılmasıdır:
“Məqsəd isə ölkəyə valyuta axınının davamlılığını təmin etmək və xarici ticarət balansını dayanıqlı saxlamaqdır. İxracın artması həm dövlət büdcəsinin gəlirlərinə, həm də ümumi iqtisadi fəallığa müsbət təsir göstərir. Bu baxımdan, sözügedən sahədə əldə olunan müsbət dinamika strateji əhəmiyyət daşıyır”.