Qırmızı Ürəklər Fondu və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi
çərçivəsində növbəti dəfə istifadəyə yararsız elektrik batareyalar toplanaraq
təhvil verilib. Layihə çərçivəsində bu dəfə Kapital Bank-ın baş ofisindən
ümumilikdə 51 kq işlənmiş batareya könüllülərin iştirakı ilə təhvil
götürülərək “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təqdim olunub.
1 may 2022-ci ildən etibarən həyata keçirilən layihənin əsas
məqsədi işlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına mənfi
təsirlərinin qarşısını almaq, onların düzgün şəkildə çeşidlənməsi və xüsusi
şəraitdə zərərsizləşdirilməsini təmin etməkdir.
Layihə çərçivəsində Bakıda və regionlarda dövlət qurumları,
şirkətlər, market şəbəkələri, təhsil müəssisələri, banklar və hotellər daxil
olmaqla 500-dən çox təhvil məntəqəsi yaradılıb. Son 4 il
ərzində bu məntəqələr vasitəsilə ümumilikdə 4 tondan çox işlənmiş
batareya toplanıb.
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ətraf
mühitin mühafizəsinə diqqət çəkməklə yanaşı, cəmiyyətdə ekoloji məsuliyyətin və
düzgün tullantı idarəçiliyi vərdişlərinin formalaşdırılmasını da təşviq edir.
Layihə çərçivəsində vətəndaşlar istifadəyə yararsız batareyaları xüsusi təhvil
məntəqələrinə təqdim edərək ətraf mühitin qorunmasına töhfə verə bilərlər.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci
ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq
fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə
ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi,
ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi
cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən
“Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında
birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və
ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.