Amerika-Azərbaycan Ticarət palatasının
(AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə
“Building with AI: From İdea to Working Product” adlı birgünlük innovasiya
hakatonu keçiriləcək.
23 may 2026-cı il tarixində baş
tutacaq tədbir iştirakçılara süni intellekt texnologiyalarından istifadə
etməklə ideyalarını qısa müddət ərzində real işlək məhsul və prototiplərə
çevirmək imkanı yaradacaq. “Building with AI: From Idea to Working Product”
iştirakçılar üçün, şəbəkələşmək, yeni əməkdaşlıqlar qurmaq və AI əsaslı
inkişafın gələcəyini praktiki şəkildə təcrübədən keçirmək üçün unikal platformadır.
Tədbirə proqram təminatı
tərtibatçıları, süni intellekt mühəndisləri, startap komandaları, məhsulyönümlü
komandalar, dizaynerlər və texnologiyaya maraq göstərənlər qoşula biləcək.
Komandalar ChatGPT, Claude, Cursor, Lovable, Replit, Zapier, API-lər və digər
müasir AI platformalarından istifadə edərək innovativ həllər hazırlayacaqlar.
Hakatonda iştirak etmək istəyən şəxslər və komandalar
qeydiyyat üçün linkə daxil ola bilər: Building
with AI: From İdea to Working Product
Yalnız müsabiqə şərtlərinə uyğun olan iştirakçılarla mobil nömrə və ya imeyl vasitəsilə əlaqə
saxlanılacaq.
Hakaton çərçivəsində iştirakçılar
bir gün ərzində ideyadan işlək prototipə qədər olan məhsul inkişaf prosesini
həyata keçirəcək, günün sonunda isə hazırladıqları həlləri münsiflər heyətinə
təqdim edəcəklər. Tədbir yaradıcılıq, sürətli problem həlli, komanda işi və AI
vasitəsilə daha çevik məhsul quruculuğu prinsiplərinə fokuslanacaq.
Tədbirin ümumi mükafat fondu 5 000
AZN təşkil edir:
- I yer — 2 500 AZN
- II yer — 1 500 AZN
- III yer — 1 000 AZN
AccessBank müasir texnologiyaların
tətbiqini və innovativ təşəbbüsləri daim dəstəkləyərək rəqəmsal transformasiya
və texnoloji ekosistemin inkişafına töhfə verir. Bank innovasiya yönümlü
layihələrə dəstək göstərməklə gənc mütəxəssislərin, startapların və texnologiya
icmasının inkişafını təşviq etməyi prioritet istiqamətlərdən biri hesab edir.