Xanım əməkdaşların peşəkar inkişafı, onların
korporativ mühitdə liderlik potensialının gücləndirilməsi və qərarvermə proseslərində
fəal iştirakının təşviqi AccessBank üçün prioritet istiqamətlərdən biri kimi müəyyən
edilib. Bu məqsədlə bankda rəhbər vəzifələrdə çalışan xanımları bir araya gətirən
AccessBank Leading Women Club (AccessBank Lider Xanımlar Klubu) platforması
yaradılıb.
2022-ci ildə yaradılan klub hazırda 40-dan çox
rəhbər xanımı birləşdirir. Təşəbbüsün əsas məqsədi xanım əməkdaşlar arasında
qarşılıqlı dəstək və əməkdaşlıq mühitinin gücləndirilməsi, komanda ruhunun
inkişafı, eləcə də peşəkar şəbəkələşmənin genişləndirilməsidir.
Bu dəfə AccessBank Leading Women Club çərçivəsində
bankın Müşahidə Şurasının xanım üzvləri Andrea Hagmann, Fernanda Molejon və
Olga Tomaş ilə
görüş (workshop) təşkil edilib. Görüş
zamanı spikerlər öz peşəkar inkişaf yolları və liderlik mövqelərinə qədər
keçdikləri karyera mərhələləri barədə danışıb, karyera seçimində keçdikləri mərhələlər,
eləcə də qadın və peşəkar kimi aşmalı olduqları maneələr barədə iştirakçılarla
bölüşdülər. Görüşün xüsusi qonağı isə
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Yaxın Şərq və Mərkəzi Asiya üzrə
regional direktoru Momina Aijazuddin olub. Görüş
çərçivəsində o, mikro-maliyyə sahəsində qlobal tendensiyalar haqqında danışaraq,
həmçinin maliyyə inklüzivliyi, bank sektorunda qadınların peşəkar inkişafı
mövzuları ətrafında müzakirələr apardı, səslənən sualları cavablandırdı.
AccessBank-ın
rəhbər xanımları görüşdə beynəlxalq səviyyədə tanınmış
qadın maliyyə liderlərinin karyera inkişafı, liderlik yanaşmaları, strateji qərarvermə
təcrübələri və peşəkar yüksəliş yolları ilə yaxından tanış olublar. Müzakirələr
qadın liderliyin təşkilati inkişafda rolu, inklüziv idarəetmə mədəniyyətinin
formalaşdırılması və gələcək liderlərin yetişdirilməsi kimi mövzuları da əhatə
edib.
AccessBank qadın liderlərin inkişafına yönəlmiş
bu cür təşəbbüsləri davam etdirərək bank daxilində inklüziv və dayanıqlı
liderlik mədəniyyətinin gücləndirilməsini hədəfləyir.