Sosial məsuliyyət layihələri ilə hər zaman seçilən “Kontakt” bu dəfə “Baku Flames” yaradıcılıq festivalında qalib olub. Şəbəkənin region məktəblilərinə “Təhsil üçün yanındayıq, #yaxındayıq” çağırışlı layihəsi beynəlxalq münsiflər tərəfindən ən yüksək - “Qızıl Alov” mükafatına layiq görülüb.
Yaradıcılıq sahəsində ən diqqətçəkən işləri
bir araya gətirən “Baku Flames” festivalı bu il də yerli və beynəlxalq nümayəndələri
bir araya gətirib. Festival çərçivəsində “Kontakt”ın layihəsi həm ideyası, həm
də real hekayələndirməsi ilə seçilərək festivalın ən yüksək - “Qızıl Alov”
mükafatına layiq görülüb. Ekran işi müsabiqənin “Film” kateqoriyasının “Korporativ
Sosial Məsuliyyət” nominasiyasında əsas mükafata sahib olub.
Xatırladaq ki, “Təhsil üçün
yanındayıq, #yaxındayıq” layihəsi ilə “Kontakt” 5 region mağazasında xüsusi dərs
otaqları yaradıb. Texnologiyaya çıxışı məhdud olan məktəblilərə bərabər
imkanlar vermək üçün bu otaqlar notbuk, printer, masa-stul dəsti və digər lazımi
bütün avadanlıqlarla tam təmin olunub.
Layihənin uğuru və gələcək
hədəfləri barədə şəbəkənin Müştəri əlaqələri və marketinq departamentinin
direktoru Nərminə İsmayılova fikir bildirib:
“Bu layihəyə
başlayanda əsas məqsədimiz regionlarda yaşayan məktəblilər üçün daha əlçatan və
rahat öyrənmə mühiti yaratmaq idi. Bu gün həmin ideyanın belə dəyər görməsi
bizim üçün çox sevindiricidir və düşünürəm ki, bu istiqamətdə hələ görəcəyimiz
çox işlər var”
Qeyd edək ki, “Kontakt”
mağazalar şəbəkəsi illərdir “Təhsil Proqramı” çərçivəsində Azərbaycanın müxtəlif
bölgələrində davamlı layihələr həyata keçirir.
Festivalda ən yüksək mükafata layiq görülən videoçarxı isə aşağıda izləyə bilərsiniz: