“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə
göstəricilərini açıqlayıb. Hesabata əsasən, maliyyə qurumunun kredit portfeli
2025-ci ildə kreditləşmə fəaliyyəti nəticəsində 11 milyon 747 min 725 AZN
təşkil edib.
2025-ci ildə “Bir Kredit BOKT” MMC-nin
gəlirlərinin əsas hissəsini – 98%-ni (269 min 528 AZN) faiz gəlirləri təşkil
edib. Digər gəlirlər isə ümumi gəlirlərin 2%-i həcmində olub (4 min 477
AZN). Hesabat dövrü üzrə xalis zərər 206
min 908 AZN təşkil edib. Buna səbəb kreditləşmə fəaliyyətinə 2025-ci ilin
avqust ayından etibarən başlanılması, eləcə də cəlb edilmiş vəsaitlər üzrə faiz
xərclərinin, ehtiyatların və əməliyyat xərclərinin ilin əvvəlindən
formalaşdırılması olub.
2025-ci ilin sonunda “Bir Kredit BOKT” MMC-nin
cəmi aktivləri 108 milyon 728 min 812 AZN təşkil edib. Müqayisə üçün qeyd edək
ki, 2024-cü ilin sonunda bu göstərici 83 milyon 480 min 131 AZN təşkil edirdi.
Beləliklə, BOKT-nin aktivləri illik müqayisədə 25 milyon manatdan çox artıb.
Artımın əsas səbəbləri investisiya portfelinin 15 milyon manat genişlənməsi,
həmçinin BOKT tərəfindən 6 ay ərzində verilən kreditlərin həcmidir ki, bu rəqəm
yuvarlaq olaraq 12 milyon manatdır. Aktivlərdən çıxılan ehtiyatlar, keçmiş illərin zərəri 2 milyon
manat təşkil edir. Hesabat dövründə BOKT-nin nizamnamə kapitalı da artırılaraq
99 milyon 835 min 580 manata çatdırılıb.
Cari dövr ərzində BOKT rebrendinq edərək “BirKart
BOKT” MMC adından, “Bir Kredit BOKT” MMC adına keçib. Rebrendinqin əsas məqsədi
qurumun gələcək inkişaf strategiyasına uyğun olaraq daha innovativ və texnoloji
yönümlü xidmət modelinin formalaşdırılması, eləcə də müştərilərə tam onlayn
xidmətlərin təqdim edilməsidir. Bu istiqamətdə təqdim olunan əsas xidmətlərdən
biri də Birmarket mobil tətbiqi vasitəsilə müştərilərin ehtiyaclarına uyğun
onlayn kreditləşmə xidmətidir.
Hesabatla ətraflı tanış olmaq üçün: www.b-b.az/aC3aDn
Qeyd edək ki, kreditlərin verilməsi məqsədilə
2018-ci ildə yaradılmış “BirKart BOKT” MMC-nin 31 dekabr 2025-ci il tarixinə
nizamnamə kapitalının 100%-i “Kapital Bank” ASC-yə məxsusdur. Hazırda
fəaliyyətini “Bir kredit BOKT” MMC adı altında davam etdirən qurum Bakı şəhəri,
Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşir.