Azərbaycanda Amerika Ticarət
Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime
tərəfdaşlığı ilə keçirilən “Building with AI: From Idea to Working Product”
birgünlük innovasiya hakatonu uğurla başa çatıb.
23 may 2026-cı il tarixində
keçirilən hakatona iştirak üçün 600-dən çox müraciət daxil olub. Müraciətlər
arasından seçilən 60 iştirakçı süni intellekt texnologiyalarından istifadə
etməklə öz ideyalarını qısa müddət ərzində işlək məhsul və prototiplərə çevirmək
imkanı əldə edib.
Hakaton çərçivəsində iştirakçılar
komandalar şəklində çalışaraq ChatGPT, Claude, Cursor, Lovable, Replit, Zapier,
müxtəlif API-lər və digər müasir AI platformalarından istifadə etməklə
innovativ həllər hazırlayıb və günün sonunda münsiflər heyəti qarşısında təqdim
ediblər. Komandalar proses boyunca təcrübəli mentorların dəstəyi ilə təmin
olunub.
Münsiflər heyətinin
qiymətləndirməsinə əsasən hakatonun qalibləri aşağıdakı komandalar olub:
- I yer — Rufina Rəhimli, İbrahim
Hüseynov, Nuray Qasımzadə
- II yer — Emil Qallacov,
Məhəmməd Babayev
- III yer —Elçin Yusubov, İmran
Hacıyev, Hüseyn Həsənzadə
Qeyd edək ki, “Building with AI:
From Idea to Working Product” hakatonunun ümumi mükafat fondu 5 000 AZN təşkil
edib. Qaliblərə aşağıdakı məbləğlərdə pul mükafatları təqdim olunub:
- I yer — 2 500 AZN
- II yer — 1 500 AZN
- III yer — 1 000 AZN
Hakatonun əsas məqsədi Azərbaycanda
süni intellekt və innovasiya ekosisteminin inkişafına töhfə vermək, gənclərin
və texnologiya həvəskarlarının praktiki bacarıqlarını artırmaq, eləcə də
innovativ məhsulların yaranmasını təşviq etmək olub. Tədbir iştirakçılar üçün
həm öyrənmək, həm də şəbəkələşmək baxımından mühüm platforma rolunu oynayıb.