İnvestisiya etmək artıq maliyyə bazarlarını yaxından izləyən
və vəsaitini dəyərləndirmək istəyən hər kəsin üstünlük verdiyi imkanlardan
biridir. 2025-ci ilin iyun ayında istifadəyə verilən Birbank Invest qısa
müddətdə onminlərlə istifadəçinin seçiminə çevrilib. Azərbaycanda bank
tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi olan platforma
istifadəçilərə cəmi 1 ABŞ dollarından başlayaraq investisiya etmək, yerli və
qlobal maliyyə bazarlarına tam rəqəmsal, rahat və təhlükəsiz çıxış əldə etmək
imkanı yaradır.
Fəaliyyət göstərdiyi 1 il ərzində Birbank Invest
istifadəçilərinə təqdim etdiyi investisiya imkanlarını əhəmiyyətli dərəcədə
genişləndirib. Bu gün platformada 12 000-dən çox səhm və ETF üzrə investisiya
etmək mümkündür. Ötən dövr ərzində platformaya 1000-dən çox yeni investisiya
aləti əlavə olunub. Eyni zamanda Birbank Invest 2.0 versiyası ilə daha rahat
istifadəçi interfeysi, yerli kapital bazarında ilkin və təkrar bazarda ticarət
imkanları, ABŞ bazarı üzrə geniş maliyyə göstəriciləri və investorların
qərarverməsini asanlaşdıran yeni funksiyalar istifadəyə verilib.
Birbank Invest ölkənin kapital bazarında mühüm hadisələrdən
biri olan PAŞA Bank-ın ilk kütləvi səhm təklifi (IPO) zamanı da investorların
ən çox istifadə etdiyi platforma olub. 10 000-dən çox unikal investor məhz
Birbank Invest vasitəsilə IPO-da iştirak edib və tətbiq üzərindən 11 000-dən
artıq sifariş yerləşdirilib.
Kapital Bank-ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid
Mirzəyev öz sosial şəbəkə hesabında bu haqda paylaşım edib. O bildirib ki,
investisiya maliyyə bazarlarını yaxından izləyən insanlarla yanaşı, vəsaitini
dəyərləndirmək istəyən hər kəs üçün əlçatan olmalıdır. “Bizim üçün əsas
göstərici təkcə istifadəçi sayı deyil. Əsas məsələ insanların investisiyaya
münasibətinin dəyişməsidir. Əgər əvvəllər investisiya daha çox peşəkarların
maraq dairəsi hesab olunurdusa, bu gün rəqəmsal həllər sayəsində daha çox insan
vəsaitini dəyərləndirməyə başlayır. Birbank Invest-in qısa müddətdə qazandığı
etimad da bu dəyişimin ən aydın göstəricilərindən biridir”.
Tam rəqəmsal qeydiyyat, 24/7 sifariş yerləşdirmə, portfeli
real vaxt rejimində izləmə imkanı, rəqabətli komissiyalar və SIPC çərçivəsində
500 min ABŞ dollarınadək aktivlərin sığortalanması Birbank Invest-in
istifadəçilərinə təqdim etdiyi üstünlüklər sırasındadır. Qeyd edək ki, Kapital
Bank-ın əmtəə nişanı olan Birbank Invest “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
ilə birgə təqdim olunub və həm investisiya sahəsində ilk addımlarını atan, həm
də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat,
sürətli və təhlükəsiz çıxış imkanı yaradır.