Qafqazın ilk tam inteqrasiya olunmuş
bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir korporativ süni
intellekt (Sİ) imkanlarının inkişafına dair yanaşmasını dünyanın aparıcı süni
intellekt tədbirlərindən biri olan “Ai4 2026” konfransında
beynəlxalq auditoriyaya təqdim edib.
ABŞ-nin Las-Veqas şəhərində
baş tutan “Ai4 2026” konfransı 90-dan çox ölkədən 12 mindən çox iştirakçını,
1000-dən çox spikeri və 400 sərgi iştirakçısını bir araya gətirib.
2018-ci ildən etibarən keçirilən tədbir biznes və texnologiya liderlərini süni
intellektin real biznes mühitində tətbiqi, generativ Sİ, Sİ agentləri və digər
qabaqcıl texnologiyaların inkişafı ətrafında birləşdirən qlobal platformadır.
Tədbir təşkilatçılar tərəfindən Şimali Amerikanın ən böyük Sİ sənaye
tədbiri kimi dəyərləndirilir.
Konfransda Bir ekosistemini Data və
Sİ idarəsinin Baş direktoru Valeh Nəbiyev və Sİ Ofisinin lideri Seymur Şabanlı
təmsil ediblər. Valeh Nəbiyev “Ai4 2026”da spiker qismində çıxış edərək
Bir-in korporativ Sİ yanaşmasını beynəlxalq auditoriyaya təqdim edib. O,
“Korporativ Sİ əməliyyat sisteminin qurulması: Sİ-nin təşkilati imkana
çevrilməsi” (Building the Enterprise AI Operating System: Turning AI into an
Organizational Capability) mövzusunda çıxışı zamanı vurğulayıb ki, təşkilatlar
üçün əsas çağırış artıq yalnız ayrı-ayrı Sİ həllərinin yaradılması deyil, süni
intellekti sürətli, təhlükəsiz və geniş miqyasda tətbiq etməyə imkan verən təşkilati
imkanların formalaşdırılmasıdır. Valeh Nəbiyev təqdimatında qeyd edib ki, süni
intellektdən real biznes nəticələri əldə etmək üçün ayrı-ayrı həllərin
yaradılması kifayət deyil. Bunun üçün data, texnologiya, insanlar və biznes
proseslərinin bir-biri ilə əlaqəli şəkildə qurulması, Sİ həllərinin isə
təşkilat daxilində sürətli və geniş miqyasda tətbiqinə imkan verən vahid
sistemin formalaşdırılması vacibdir.
Bir ekosisteminin nümayəndələri
konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan Sİ və data liderləri
ilə fikir və təcrübə mübadiləsi də aparıblar. “Ai4 2026”nın proqramı biznesdə süni
intellektin real tətbiqləri ilə yanaşı, “Sİ agentləri”, “Generativ Sİ”,
“İdarəetmə və məsuliyyətli Sİ” kimi mövzuları da əhatə edib.
Bir ekosisteminin “Ai4 2026”da
iştirakı həm qlobal Sİ trendlərini və real tətbiq nümunələrini yaxından
izləmək, həm də Bir-in korporativ Sİ transformasiyasına dair yanaşmasını
beynəlxalq peşəkar ictimaiyyətlə bölüşmək baxımından əhəmiyyətlidir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az