Azercell insan kapitalının inkişafı və rəqəmsal
transformasiya sahəsində həyata keçirdiyi layihələrlə “2026 Brandon Hall Group
HCM Excellence Awards”da üç mükafat qazanıb. İnsan kapitalının idarəedilməsi
sahəsində qabaqcıl proqram və həllərin qiymətləndirildiyi beynəlxalq müsabiqədə
şirkətin “İnsan kapitalının idarəedilməsi sisteminin rəqəmsal transformasiyası”
layihəsi qızıl, IE Business School ilə birgə hazırladığı “Liderlik
bacarıqlarının inkişafı proqramı” gümüş, “AI Bootcamp” layihəsi isə bürünc
mükafata layiq görülüb.
“İnsan kapitalına sərmayə şirkətimizin uzunmüddətli
inkişafının əsas şərtlərindən biridir. Ölkənin rəqəmsal ekosisteminin aparıcı
qüvvələrindən biri olaraq biz müasir texnologiya və rəqəmsal həllər tətbiq etməklə
yanaşı, bu transformasiyanı irəli aparacaq insanların bilik və bacarıqlarının
inkişafına da sistemli şəkildə investisiya edirik. İnanırıq ki, texnoloji
transformasiyanın real dəyəri məhz insanların yeni imkanlardan səmərəli şəkildə
istifadə edərək onları real biznes nəticələrinə çevirə bilməsi ilə formalaşır”,
– deyə Azercell-in İnsan kapitalı üzrə baş direktoru Dilarə Hüseynova qeyd
edib.
Azercell şirkət miqyasında RPA və süni intellekt həllərinin
tətbiqini genişləndirərək biznes proseslərinin rəqəmsal transformasiyasını
davam etdirir. Bu transformasiya insan kapitalının idarəedilməsini də əhatə
edir. SAP SuccessFactors platformasının tətbiqi nəticəsində əsas HR əməliyyatlarının
80–90%-i avtomatlaşdırılıb. Süni intellekt və avtomatlaşdırma həlləri proseslərin
səmərəliliyini artırır və məlumat əsaslı qərarvermə imkanlarını genişləndirir.
Azercell əməkdaşlarının davamlı inkişafına və
liderlik bacarıqlarının gücləndirilməsinə də xüsusi önəm verir. IE Business
School ilə birgə hazırlanan “Liderlik bacarıqlarının inkişafı proqramı” şirkət əməkdaşlarında
özünüidarəetmə, təşəbbüskarlıq, məsuliyyət və qərarvermə bacarıqlarının, rəhbərlərdə
isə komandanın effektiv idarə olunması və əməkdaşların inkişaf etdirilməsi
bacarıqlarının gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, şirkət gənclərin gələcəyin texnoloji
bacarıqlarına yiyələnməsinə yönəlmiş təşəbbüslərə xüsusi diqqət ayırır.
Azercell-in dəstəyi ilə həyata keçirilən “AI Bootcamp” ölkənin müxtəlif
universitetlərində təhsil alan tələbələrə süni intellekt üzrə biliklərini dərinləşdirmək
və AI texnologiyalarının real tətbiqi üzrə praktiki təcrübə qazanmaq imkanı
yaradıb. Layihə ölkədə süni intellekt sahəsində gənc istedadların yetişdirilməsinə
və gələcəyin əmək bazarı üçün zəruri kompetensiyaların formalaşdırılmasına xidmət
edib.
Qeyd edək ki, Azercell beynəlxalq səviyyədə tanınan
“Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatının sahibidir. Korporativ mədəniyyət
və sağlam iş mühitinin dəyərləndirilməsi sahəsində qlobal standart sayılan bu
nüfuzlu sertifikat yalnız əməkdaşların anonim rəylərinə əsasən təqdim
olunur.
Brandon Hall Group HCM Excellence Awards® insan
kapitalının idarə edilməsi (Human Capital Management — HCM) sahəsində təşkilatların
innovativ proqramlarını və onların ölçülə bilən nəticələrini qiymətləndirən
beynəlxalq mükafat proqramıdır. Müsabiqəyə təqdim olunan layihələr müstəqil sənaye
ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən biznes ehtiyaclarına
uyğunluq, proqramların hazırlanması və tətbiqi, innovativ yanaşma meyarları əsasında
qiymətləndirilir. Azercell-in Accenture, EY (Ernst & Young), Google, IBM,
Microsoft, Salesforce, T-Mobile, Verizon, Vodafon və digər bu kimi böyük şirkətlərin
iştirak etdiyi müsabiqədə əldə etdiyi nəticə şirkətin texnoloji transformasiya
və insan kapitalının inkişafına verdiyi önəmin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsini
əks etdirir.