Şirkət
qadınların iqtisadi və sosial imkanlarını artıran layihələrin qəbuluna başlayır
Azercell “Həyatı daha
dolğun edirik: qadınlara dəstək 2026” sosial layihə müsabiqəsi üzrə müraciətlərin
qəbuluna başlayır. Müsabiqənin məqsədi qadınların iqtisadi imkanlarının genişləndirilməsi,
yeni bilik və bacarıqlar qazanılması, eləcə də ölkənin sosial və iqtisadi həyatında
daha fəal iştirakını təşviq edən təşəbbüsləri dəstəkləməkdir.
Layihələrin qiymətləndirilməsi
zamanı rəqəmsal bacarıqların inkişafına, inklüziv imkanlar yaradılmasına və
texnologiyaların tətbiqi vasitəsilə qadınların həyat keyfiyyətinin
yaxşılaşdırılmasına xidmət edən təşəbbüslərə üstünlük veriləcək. Layihələrin
geniş auditoriyanı əhatə etməsi, davamlı nəticələr yaratması və uzunmüddətli
sosial təsir potensialına malik olması da əsas seçim meyarları sırasındadır.
Təqdim olunan layihələr
müvafiq sahələr üzrə ixtisaslaşmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən
qiymətləndiriləcək. Müsabiqə qaliblərinə layihələrinin həyata keçirilməsi üçün
7 000 AZN-dək maliyyə dəstəyi göstəriləcək.
Qeyri-hökumət və
qeyri-kommersiya təşkilatları layihə təkliflərini Azərbaycan dilində 30
sentyabr 2026-cı il tarixinədək link vasitəsilə təqdim edə bilərlər. Müraciətə layihənin
həyata keçirilməsi üçün nəzərdə tutulan büdcənin detallı bölgüsü də əlavə
olunmalıdır.
Qeyd edək ki, Azercell
sosial layihə müsabiqəsini 2022-ci ildən həyata keçirir. Bu günədək şirkət ölkədə
müsbət dəyişikliklərə töhfə verən, müxtəlif sosial məsələlərin həllinə yönəlmiş
10 layihəyə dəstək olub.