Gəncə Ağır Cinayətlər Məhkəməsində 18 yaşlı arvadının başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən İlyas Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Qədimov 16 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Ağstafa rayonunun Ağstafa şəhəri, O.Sarıvəlli küçəsində baş verib. 2001-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı olan İ.Qədimov 2023-cü ildə Mədinə Qədimova ilə ailə həyatı qurub. Onların birgə nikahdan bir qızları olandan sonra ailədə gəlinlə qayınana arasında mübahisə yaranıb.
M.Qədimovanın atası mübahisəni sakitləşdirmək üçün qızını qarşılıqlı razılıq əsasında evinə aparıb. 40 gündən sonra İ.Qədimov həyat yoldaşı və uşağını evinə gətirib. Təxminən dörd aydan sonra Mədinənin əmisi rəhmətə getdiyi üçün qadın yas mərasiminə getsə də, evinə qayıtmayıb. İlyas dəfələrlə onu evə gətirmək istəsə də, Mədinə bundan imtina edib və boşanacağını bildirib.
İ.Qədimov əsəbiləşərək qayınatasının evinə gedib və təkrar həyat yoldaşından evə qayıtmasını istəyib. Mədinə bundan yenə imtina etdikdə İ.Qədimov əvvəlcə Mədinəni boğub, daha sonra isə onun boğazına 10 bıçaq zərbəsi endirərək, başını kəsib. Mədinə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qətlə yetirilərkən M.Qədimovanın 18 yaşı olub.