Mədəniyyət Nazirliyinin 2023-2026-cı illər üzrə təsdiq edilmiş “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində bir sıra mühüm rəqəmsal islahatlar həyata keçirilib.
Manset.az xəbər verir ki, strategiyanın əsas məqsədlərinə uyğun olaraq data əsaslı idarəetmə modellərinin yaradılması, elektron xidmətlərin formalaşdırılması və nazirliyin daxili idarəetmə sistemlərinin tam rəqəmsallaşdırılması təmin olunub.
Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Fuad Maqsudov bildirib ki, artıq Nazirliyin yeddi elektron xidməti istifadəyə verilib: “Əsas prioritetlərimiz data əsaslı rəqəmsal modellərin formalaşdırılması, elektron xidmətlərin istifadəyə verilməsi və daxili idarəetmə sistemlərinin tamamilə rəqəmsallaşdırılmasıdır. Hazırda nazirliyin yeddi elektron xidməti mövcuddur. Tədbirdə əks edilən ‘My Culture’ vahid şəxsi kabineti, Təhsil Müəssisələrinin Analitik İdarəetmə Sistemi, Vahid Mədəniyyət Reyestri və Uşaq İncəsənət Festivalı platformaları tam rəqəmsallaşdırılaraq istifadəçilərin ixtiyarına təqdim olunub”.
F. Maqsudov həmçinin təhlükəsizlik tədbirlərinə xüsusi diqqət ayrıldığını vurğulayıb: “Bütün sistemlərə giriş təhlükəsizlik baxımından Asan Bridge üzərindən həyata keçirilir və platformaların müxtəlif dövlət qurumları ilə inteqrasiyası təmin olunub”.
Hazırda Nazirlik tərəfindən sistemlərin funksionallığının genişləndirilməsi, eləcə də istifadəçi rahatlığını artıran yeni rəqəmsal həllərin tətbiqi istiqamətində işlər davam etdirilir.