Beynəlxalq Xalça Forumu öz işini yekunlaşdırdı - FOTOLAR

11:59 - 02 May 2026

Beynəlxalq Xalça Forumu öz işini yekunlaşdırdı - FOTOLAR

1–3 may tarixlərində paytaxtımızda keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində təşkil olunan “Xalça sənayesi: dəyərin yaradılması, brendinq və dünya bazarına inteqrasiya. Mədəni irsdən rəqabətədavamlı qlobal məhsula doğru” mövzusuna həsr olunmuş Beynəlxalq Xalça Forumu öz işini uğurla başa vurdu.


Manset.az xəbər verir ki, mayın 1-də Bakı Biznes Mərkəzində start götürən bu peşəkar platforma, xalça sənayesinin aktual çağırışlarını və inkişaf perspektivlərini dünyanın dörd bir yanından gələn ekspertlərlə birlikdə müzakirə etmək üçün unikal imkan yaratdı. “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə reallaşan festivalın əsas məqsədi Azərbaycan xalçasını qlobal müstəvidə tanıtmaq və dünya xalçaçılarının zəngin təcrübəsindən bəhrələnərək bu qədim sənəti gələcək nəsillərə daha modern formada ötürməkdir.

Tədbirin açılış mərasimində çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Mədəniyyət nazirinin müavini Səadət Yusifova xalçaçılığın yalnız milli-mədəni irs deyil, həm də yüksək iqtisadi potensiala malik yaradıcı sənaye sahəsi olduğunu xüsusi vurğuladılar. Çıxışlarda mühüm bir məqam kimi qeyd olundu ki, bu cür beynəlxalq festivallar və forumlar ölkənin turizm sektorunun inkişafına birbaşa dəstək olmaqla yanaşı, Azərbaycanın dünyada unikal bir mədəni brend kimi tanıdılmasında əvəzsiz rol oynayır. Bildirildi ki, bu platformalar yerli istehsalçıların qlobal bazarlara çıxışını asanlaşdırır və sahənin müasir tələblərə uyğun inkişafını təşviq edir. Forum çərçivəsində Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan və Özbəkistan kimi ölkələrdən gələn mütəxəssislər əl sənətlərinin qlobal iqtisadi sistemə inteqrasiyası ilə bağlı fikir mübadiləsi apararaq tədbirin beynəlxalq əhəmiyyətini daha da artırdılar.

Peşəkar müzakirələr yekunlaşsa da, festivalın həyəcanı sabahdan etibarən İçərişəhərin qədim küçələrinə köçür. Mayın 2-si və 3-də proqramın ən rəngarəng hissəsi məhz tarixi qoruq ərazisində reallaşacaq. Proqram çərçivəsində İçərişəhərin zəngin irsini geniş auditoriyaya təqdim etmək məqsədilə eksklüziv xalça sərgiləri, qədim toxunma texnikalarını nümayiş etdirən ustad dərsləri və müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunacaq. Bakının rəmzi sayılan bu tarixi məkanda baş tutacaq fəaliyyətlər həm yerli sakinlərin, həm də xarici turistlərin diqqət mərkəzində olmaqla, şəhərimizin beynəlxalq turizm cəlbediciliyini daha da artıracaq. Beləliklə, İçərişəhərin unikal memarlıq ab-havası ilə xalça sənətinin sehrli dünyası birləşərək, paytaxtımızın qlobal turizm xəritəsindəki strateji mövqeyini bir daha nümayiş etdirəcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az