“Dayanıqlı və ilhamlandırıcı mədəniyyətin yenidən canlandırılması modeli” mövzusunda sessiyadan FOTOLAR

23:00 - 21 May 2026

“Dayanıqlı və ilhamlandırıcı mədəniyyətin yenidən canlandırılması modeli” mövzusunda sessiyadan FOTOLAR

Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Dayanıqlı və ilhamlandırıcı mədəniyyətin yenidən canlandırılması modeli” mövzusunda panel keçirilib.


Manset.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, mədəni irsin qorunması ümumbəşəri məsuliyyətdir. Müvafiq beynəlxalq müqavilələrin mövcudluğuna baxmayaraq, təəssüf ki, qədim tarixi və dini abidələr müharibələr zamanı hədəfə çevrilir. Gündəlik həyatla yanaşı, maddi mədəni irs, ənənələr, bütövlükdə mədəni mühit də məhv edilir.

Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün tam bərpasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni irs də bərpa olunur, mədəni mühit canlandırılır. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurdlarına qayıdışı təmin edilir. 

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası haqqında məlumat verən nazir müavini bildirib ki, bu tarixi sənəddə mədəniyyəti insan həyatının, ictimai münasibətlərin, milli inkişafın və dövlət siyasətinin mərkəzinə qoyan yeni bir model irəli sürülür. Burada mədəniyyət sadəcə bir sahə kimi deyil, milli kimliyi, dəyərləri, ictimai həmrəyliyi və nəsillərarası davamlılığı formalaşdıran canlı mühit kimi qiymətləndirilir.

Sonra sessiya Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlının moderatorluğu ilə davam edib. 

Paneldə UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assomo, BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saad, İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzinin (IRCICA) baş direktoru Mahmud Erol Kılıç, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Fərid Dəmirli, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov və Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) proqram meneceri Rohit Jigyasu çıxış ediblər. 

Qeyd olunub ki, münaqişədən sonrakı dövrlərdə şəhərlərin bərpası və yenidən qurulması prosesində mədəni irsin və şəhər kimliyinin qorunması böyük əhəmiyyət kəsb edir. Aidiyyəti beynəlxalq təşkilatlar postmünaqişə regionlarının mədəniyyət mərkəzli bərpasına real dəstək göstərməlidir. Vurğulanıb ki, qeyd edilən ərazilərdə mədəni irsin dirçəldilməsi məqsədilə müvafiq beynəlxalq təşkilatlar, institut və universitetlər arasında qurulan əməkdaşlıq və mübadilə bu prosesə çox effektiv təsir göstərə bilər. 

Paneldə həmçinin şəhərsalmada inklüziv yanaşmalar, dayanıqlı inkişaf prinsipləri və mədəniyyətin şəhər regenerasiyasında rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Çıxışlarda Azərbaycan işğaldan azad olunmuş ərazilərində şəhərsalma zamanı mədəniyyət amilinə xüsusi diqqət yetirilməsi yüksək qiymətləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az