logo
logo logo
logo

Özbəkistanda III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

14:00 - 24 İyun 2026

Özbəkistanda III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

İyunun 23-də Özbəkistan Respublikasının Namanqan şəhərində UNESCO və ICESCO-nun himayəsi altında təşkil olunan III Beynəlxalq Məqam Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib. 


Manset.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. 

Bir sıra ölkələrdən tanınmış musiqi xadimləri, ifaçılar, tədqiqatçılar və mədəniyyət sahəsi təmsilçilərinin qatıldığı forum iyunun 26-dək davam edəcək. 

Forumda Şərq klassik musiqi irsinin mühüm qollarından hesab edilən məqam (muğam) sənətinin tarixi, müasir inkişaf istiqamətləri, onun qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunur.

2018-ci ildə əsası qoyulan və iki ildən bir təşkil olunan Beynəlxalq Məqam Sənəti Forumu elmi-praktik konfransları, konsert proqramlarını, ustad dərslərini və yaradıcı müzakirələri özündə birləşdirən nüfuzlu beynəlxalq mədəni platforma kimi tanınır. Forumun əsas məqsədlərindən biri də Şərq musiqi irsinin zəngin ənənələrini qlobal miqyasda təşviq etmək, xalqlar arasında mədəni dialoqu gücləndirmək və yaradıcılıq əməkdaşlığını genişləndirməkdir.

Azərbaycan nümayəndə heyətinin forumda iştirakı ölkəmizin zəngin musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması, Türk dünyasının ortaq mədəni dəyərlərinin təşviqi və mədəni diplomatiyanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az