- Oktyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Xalq artisti Nəzakət Teymurovanın konserti keçirilib.
Manset.az xəbər verir ki, ADU-nun rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla müəllimləri peşə bayramı münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. Müəllimlik peşəsinin əhəmiyyətindən danışan rektor tələbələrə də müraciət edərək gələcəkdə layiqli müəllim olmağın vacibliyini vurğulayıb.
Rektor çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən, 1993-cü ildən etibarən hər il 5 oktyabr ölkəmizdə Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur: "Müəllimlər Günü müqəddəs gündür, çünki müəllim peşəsi müqəddəsdir. Əziz tələbələr, siz gələcəyin müəllimləri olacaqsınız. Mən sizə arzu edirəm ki, müəllimi olduğunuz insanlar sizə layiq olduğunuz qiyməti hər zaman versinlər. Bu əlamətdar gün münasibətilə görkəmli sənətkarımız, Xalq artisti Nəzakət Teymurova universitetimizin qonağıdır. Nəzakət Teymurova hamımızın sevimlisidir. Tələbə-müəllim heyəti adından onu salamlayırıq, universitetimizə xoş gəlib”.
Rektorun çıxışından sonra tədbir bədii hissə ilə davam etdirilib və səhnə Xalq artisti Nəzakət Teymurovanın və “Xarıbülbül” muğam qrupunun ixtiyarına verilib. Tanınmış xanəndə ecazkar səsi ilə tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Nəzakət Teymurova repertuarından bir-birindən gözəl, ruh oxşayan xalq mahnılarını ifa edib. Onun ifasında səslənən milli musiqi nümunələri zalda əyləşən müəllim və tələbələr tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.
Canlı ifalardan sonra musiqili görüş maraqlı və səmimi diskussiya formatında davam edib. Xalq artisti universitetin müəllim və tələbə heyətini maraqlandıran çoxsaylı sualları böyük məmnuniyyətlə cavablandırıb. Sual-cavab zamanı sənətkar öz zəngin yaradıcılıq yolu, xalq musiqimizin sirləri və sənət dünyası barədə fikirlərini bölüşüb. Pedaqoqlar belə bir yüksək səviyyəli tədbirin təşkilinə və onlara göstərilən diqqətə görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda Xalq
artisti Nəzakət Teymurova və akademik Kamal Abdulla ilə xatirə şəkilləri
çəkdirilib.